Birinci rübdə Azərbaycanın büdcəsi 403 milyon manat artıqlıqla icra olunub

16:07 - 19.04.2019


19 aprel, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi 2019-cu ilin birinci rübündə dövlət büdcəsinin icrası ilə bağlı əməliyyat məlumatlarını təqdim edib.

Nazirliyin məlumatına görə, dövlət büdcəsinin gəlirləri 2019-cu ilin yanvar-mart aylarında 5439,7 milyon manat, xərcləri isə 5035,9 milyon manat təşkil edib. Dövlət büdcəsinin artıqlığı ilin birinci rübündə 403,8 milyon manat təşkil edib.

“Yanvar-mart aylarında dövlət büdcəsi 5439,7 milyon manat və ya 99,1% yerinə yetirilib ki, bu da 2018-ci ilin birinci rübünə nisbətən 876,3 milyon manat və ya 19,2% çoxdur. Vergilər Nazirliyi xəttindən dövlət büdcəsinə, ötən ilin eyni dövrünə nisbətən 236,4 milyon manat və ya 16,5% artımla 1672,9 milyon manat, o cümlədən 69,1% və ya 1155,4 milyon manat gəlir özəl sektordan daxil olmuşdu. Dövlət Gömrük Komitəsi xəttindən büdcəyə 1014,1 milyon manat daxil olub. Bu, əvvəlki ilə nisbətən 39,5% və ya 287,1 milyon manat çoxdur”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlardan gəlirlər 93,8 milyon manat, digər daxilolmalar 43,9 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 dəfə və ya 22,3 milyon manat çoxdur. Hesabat dövründə Dövlət Neft Fondundan transfert 2 615,0 mln.manat təşkil etmişdir.

“Dövlət büdcəsinin xərcləri 1-ci rübdə 100,4% və ya 5035,9 mln. manat səviyyəsində  icra olunub ki, bu da əvvəlki ilə nisbətən 627,9 mln. manat və ya 14,2% çoxdur. Sosial ödəmələrin maliyyələşdirilməsinə 41,8% və ya 2104,5 mln. manat xərclənib. Bu, 2018-ci ilin I rübü ilə müqayisədə 19,5% və ya 343,2 milyon manat çoxdur. Cari xərclər 2707,3 milyon manat və ya xərclərin 53,8%-ni, capital xərclər 1984,4 milyon manat və ya 39,4%, 344,2 milyon manat və ya 6,8% dövlət borc xidmətləri və öhdəlikləri üzrə xərclər olub”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, icmal büdcənin gəlirləri 9192,2 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 2129,2 milyon manat və ya 30,1% çoxdur. İcmal büdcənin xərcləri 5076,9 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin 1-ci rübünə nisbətən 319,0 milyon manat və ya 6,7% çoxdur. İcmal büdcənin artıqlığı 4115,3 milyon manat təşkil etmişdir.

 

Вся лента