UNEC-də konfrans: “Tələb işəgötürənlərdən – təklif UNEC-dən”

10:12 - 29.11.2017


UNEC-in rektoru, professor Ədalət Muradov ölkə başçısının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişaf etdirilməsini təhsil sisteminin əsas məqsədi kimi qarşıya qoyduğunu bildirib.

İnsan kapitalının inkişafında ən vacib elementlərdən birinin praktiki vərdişlərə yiyələnmək olduğunu deyən rektor, UNEC-in işəgötürənlərin irəli sürdüyü tələblərə cavab verən təkliflərlə çıxış etməyə hazır olduğunu vurğulayıb, bu istiqamətdə qarşıya çıxan problemlərdən danışıb. Hər yeddi ildən bir mövcud ixtisasların 50 faizinin dəyər və əhəmiyyətini itirdiyinə diqqət çəkən Ə.Muradov iş adamlarından ibarət auditoriyanın qarşısında yerli, yoxsa beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının həyata keçirilməsi sualını qoyub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümöv konfransda əmək bazarının qarşılaşdığı ən aktual problemlərə toxunulduğuna diqqət çəkərək, yerli əmək bazarında həddindən artıq sıxlıq müşahidə olunduğunu bildirib. Ölkə əhalisinin 71 faizinin əmək qabiliyyətli yaşda olduğunu deyən nazir iqtisadiyyatın bu sayda işçi qüvvəsini absorbsiya etməkdə çətinlik çəkdiyini bildirib. Nazir dünya əmək bazarında iqtisadçılar qarşısında qoyulan tələblərin eyni olduğunu bildərərək, tədrisdə vergi və vergiqoyma, mühasibat və təhlil, iqtisadi hüquq, informasiya texnologiyaları fənlərinə xüsusi önəm verilməsini qeyd edib. Tələbələrin praktiki biliklərinin artırılmasında UNEC-də fəaliyyət göstərən Virtual Müəssisənin əhəmiyyətindən danışan nazir bildirib ki, dövlət müəssisələrində də tələbələrə aktiv praktiki fəaliyyətlə məşğul olmaq imkanı yaradılmalıdır.

S.Müslümov növbəti ildə nazirlik tərəfindən gənclərin məşğulluğu üçün böyük bir proqrama start veriləcəyini də açıqlayıb. Son illərdə UNEC-in qazandığı uğurları qürurla izlədiyini bildirən nazir, əmək bazarı ilə bağlı bütün məsələlərdə məzunu olduğu universitetə dəstək olacağını vurğulayıb.

Millət vəkili Fazil Mustafa ali təhsil müəssisəsi ilə işəgötürənlər arasında dialoqun qurulmasının əhəmiyyətini vurğulayaraq, bu ideyanın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkə sürətlə inkişaf edir və əmək bazarının tələbləri də bu sürətə uyğunlaşır. Mövcud durumda yeni ixtisasların yaranmasına ehtiyac duyulduğunu bildirən M.Musayev əmək bazarında risk menecmenti ilə bağlı ciddi kadr çatışmazlığı olduğunu vurğulayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yerli əmək bazarında strateji baxışın vacibliyini qeyd edib. Millət vəkili Vüsal Hüseynov UNEC-də pedaqoji fəaliyyət göstərdiyi müddətdə etdiyi müşahidələri bölüşərək bildirib ki, müəllimləri əsasən iş dünyasından olan fakültələrin tələbələri əmək bazarına daha rahatlıqla çıxa bilirlər. O, UNEC-də fəaliyyət göstrərən Karyera Mərkəzinin tələbələrin iş dünyasında hazırlanmasında xüsusi rolu olduğunu vurğulayıb.

Konfransda UNEC-in tələbələri və iş adamları arasında aparılan videosorğular təqdim edilib. Müzakirələrdən sonra iştirakçılar arasında online sorğu keçirilib. “Əmək bazarının tələblərinə uyğun kadr hazırlığında işəgötürənlərlə birgə fəaliyyət mümkündürmü?” sualına 70 faiz “Bəli” cavabını verib. Səsverməyə çıxarılan növbəti sual isə “Kadr hazırlığı yerli, yoxsa beynəlxalq əmək bazarının tələblərinə cavab verməlidir” olub. Əsasını iş adamlarının təşkil etdiyi auditoriyanın 91 faizi beynəlxalq əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Tədbirdə “UNEC2B” platformasının təqdimatı keçirilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycanda və regionda ilk dəfə olaraq UNEC-in iş dünyasında tətbiq etdiyi “UNEC2B” platformasının hər iki tərəfə faydalı olacağını bildirib. Mövcud problemlərin həllində mühüm rol oynayacaq platformanın böyük rəqabət mühitində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Konfransın sonunda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası və Bank Tədris Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

 

Вся лента