330x110
 

Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək

10.05.2019,12:09


10 may, Fineko/abc.az. Bakıda 13-17 may tarixlərində “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, həftə, Palatanın dəstəyi ilə keçiriləcək.

“Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulmuşdur”, - məlumatda belə deyilib.

Məlumatda həmçinin bildirilir ki, həftə çərçivəsində mayın 16-17-də “Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcək. Sammitdə müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacaq. Sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.