Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardım təqdim edir

15:16 - 20.05.2019


20 may, Fineko/abc.az. Beynəlxaql Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qanunun aliliyi layihəsini həyata keçirir. Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyir. Layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılmışdır. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.

Agentliklər arasında sıx əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcüd olan ASAN xidmət mərkəzlərində 2019-cu ilin fevral ayından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. Aprelin sonuna kimi mərkəzlərə 466 nəfər 909 hüquqi məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edənlərin 46% -i qadın, 54%-i kişi, müraciətlərin 34% -i məhkəmələrlə bağlı məsələlər olmuşdur. İlk üç ayda göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 24% -i bank kreditləri, 16% -i mülkiyyətlə bağlı məsələlər, 15% -i ailə məsələləri, 10% -i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olmuşdur. Bundan əlavə, digər müraciətlər miras, miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat, cinayət və inzibati işlər kimi müxtəlif sahələri əhatə etmişdir.

Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalmışlar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Hüquqi Yardım Mərkəzlərində vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir.

 

Вся лента