Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib

15:32 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. Bakıda  Azərbaycan Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü keçirilib.

Dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə etdilər.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğuladılar.

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini  vurğuladılar.

Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğuladılar və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə etdilər.

Müvafiq beynəlxalq alətlər əsasında terrorizm,  ekstremizm və separatizmin  bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri; qeyri-qanuni silah ticarəti, insan alveri; miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya; mədəni və tarixi irsə qarşı cinayətlər; çirkli pulların yuyulması; kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər.

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqlarını bildirdilər.

Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılığa gəldilər.

 

 

Вся лента