Azərbaycan, neft hasilatının azaldılmasına dair sazişinin müddətinin gələn ilin sonuna kimi uzadılması qərarını dəstəklədi

11:04 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Azərbaycan, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər tərəfindən  neft  hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilə qədər uzadılmasını dəstəkləyir.

Energetika Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan  OPEC/nOPEC dövlətləri tərəfindən  neft hasilatının məhdudlaşdırılması haqqında sazişin müddətinin uzadılmasını məqsədəuyğun hesab edir.

Nazirlikdən verilən xəbərdə deyilir: “Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub”.

Energetika naziri Pərviz Şahbazov mətbuat konfransında bildirib ki, 2016-cı ildə Vyana sazişinin imzalanmasından sonra bir il müddətində dünya neft bazarında vəziyyət təhlil edilib.

Həmçinin, dünya iqtisadiyyatının inkişaf sürəti, gözləntilər, neft və neft məhsullarına tələbat üzrə təqdimatlar keçirilib.

“Bundan əlavə, OPEC rəhbərliyi tərəfindən saziş iştirakçısı olan ölkələrin öhdəliklərin yerinə yetirilmə səviyyəsi dəyərləndirilib.Neftin qiymətində sabitləşmə, neftin bir barrelinin qiymətinin 60-63 dollar səviyyəsinə yüksəlməsi, təklifin həcminin aşağı düşməsi, neft ehtiyatlarının nisbətən azalması və OPEC+ çərivəsində əməkdaşlığın sayəsində neft bazarında tarazlığın qismən bərpası qeyd olunub”, - deyə P.Şahbazov bildirdi.

Görüş əsnasında hasilatın əlavə həcmdə  məhdudlaşdırılması məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu səviyyədə saxlanması qərara alınıb.

Vyanada cümə axşamı günü keçirilmiş toplantıda cəmi  32 ölkənin energetika naziri, o cümlədən, 14 OPEC üzvü və kartelə daxil olmayan 17 ölkə iştirak edib.

 

Вся лента