Mərkəzi Bankı ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi arasında Anlaşma Memorandumu imzalandı

17:25 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz əməkdaşlıq ofisinin regional direktor müavini Simonе Haberlini qəbul etmişdir.

Görüş zamanı AMB-nin 2012-ci ildən SECO ilə "Mərkəzi Banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" proqramı (BCC I) çərçivəsində apardığı sıx əməkdaşlıq xüsusilə vurgulanmışdır. Proqramın birinci fazası çərçivəsində SECO tərəfindən Mərkəzi Banka inflyasiyanın proqnozlaşdırılması, faiz siyasətinin transmissiyası, maliyyə sabitliyi, məzənnə siyasəti və monetar iqtisadiyyat, real sektorun əhatəli monitorinq sisteminin yaradılması istiqamətlərində texniki yardım göstərilmişdir.

Daha sonra Mərkəzi Bankın SECO ilə "Mərkəzi banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" əməkdaşlıq proqramının 2019-2022-ci illəri əhatə edəcək ikinci fazası (BCC II) çərçivəsində göstəriləcək texniki yardım məsələləri müzakirə edildi.

Görüşün sonunda AMB və SECO arasında BCC II Proqramının ikinci fazasının implementasiyası ilə bağlı Anlaşma Memorandumu imzalandı.

 

Вся лента