KPMG Azərbaycan “Daşınmaz əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçirilən beynəlxalq konfransa sponsorluq edib.

12:14 - 1.12.2017


29 noyabr tarixində Azərbaycanın 3-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi çərçivəsində “Daşınmaz əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın təşkilatçısı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), sponsoru qismində isə KPMG Azərbaycan şirkəti çıxış edib.

Konfransın əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlanması, bu sektora yerli və xarici investisiyaların artırılması, eləcə də daşınmaz əmlak bazarının xarici investorlara hazırkı investisiya cəlbediciliyinin nümayiş etdirilməsindən ibarət olub. Konfransa 150-dən artıq iştirakçı qatılıb. 14 ölkəni – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qatar, Böyük Britaniya, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra və Gürcüstanı təmsil edən 70-ə qədər şirkət sərgidə iştirak edərək 140-dan artıq layihə nümayiş etdiriblər. Bununla yanaşı, tədbirdə Avropa və Asiyadan, habelə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici səfirliklərdən, beynəlxalq təşkilatlardan, bələdiyyə orqanlarından və mərkəzi icra hakimiyyəti orqanlarından olan 100-dən artıq nümayəndə heyəti iştirak edib.

Konfransı giriş sözü ilə açan ƏMDK sədri Kərəm Həsənov Azərbaycanda daşınmaz əmlak sahəsinə xarici investisiyalar cəlb etmək üçün mühüm işlərin görüldüyünü qeyd edib. Tədbir zamanı KPMG Azərbaycan şirkətinin İdarəedici Partnyoru Murat Karakaş konfransın əsas mövzusu barəsində təqdimatla çıxış edərək özəlləşdirmənin əsas problemləri barədə danışıb.

Konfransın sonunda ƏMDK nümayəndələri bu cür mühüm beynəlxalq konfransın ölkəmizdə keçirilməsinə sponsorluğumuz və dəstəyimiz üçün bizə öz təşəkkürlərini bildiriblər.

 

 

Вся лента