İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun qəbul edildi

16:08 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Parlamenti ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun qəbul etdi.

“Tütün məmulatlarından istifadənin məhdudiyyəti haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsində  təhsil müəssisələri, idman yarışlarının keçirildiyi yerlər, ticarət obyektləri, restoranlar, kafelər, bar və digər  ictimai iaşə obyektlərində  siqarət çəkməyin qadağan edilməsi nəzərdə tutulur.

Qanun, həddi-buluğa çatmamış şəxslərin tütündən istifadəsinə,  həmçinin pulsuz suvenirlər və hədiyyələr vasitəsi ilə tütün məmulatlarının satışının stimullaşdırılmasına qadağanı nəzərdə tutur.

Mehmanxanalarda,  səhiyyə müəssisələrində, reabilitasiya mərkəzlərində, sanatoriyalarda, kurortlarda, sosial obyektlərdə, teatr və kinoteatrlarda, sərgilərdə, qiraət zallarında, kitabxanalarda, muzeylərdə və digər mədəni müəssisələrdə, yeraltı və yerüstü keçidlərdə, avtobuslarda (o cümlədən, şəhərlərarası və beynəlxalq avtobuslarda), taksidə, metroda, hava, dəmir yolu, dəniz və çay nəqliyyatında, avtobus dayanacaqlarında, vağzallarda, çay və dəniz limanlarında, hava limanlarında, liftlərdə, çoxmənzilli binaların ümumi meydançalarında, yanacaq doldurma stansiyalarında, binalarda və  tezalışan maddələrin saxlandığı müəssisələrdə, uşaq meydançalarında, çimərliklərdə, təşkilatı-hüquqi forması və mülkiyyət formasından asılı olmayaraq, təşkilatların, idarələrin, müəssisələrin  iş yerlərində siqaret çəkmək qadağan olunacaq.

Qanun layihəsinə əsasən, tütün məmulatlarının təsirindən  əmələ gələn xəstəliklərin qarşısının alınması və / və ya ətraf mühitin qorunması məqsədi ilə, dövlət orqanları tütün məmulatlarından istifadəni ayrı-ayrı sahələrdə, bina və obyektlərdə qadağan edə,   tütün məmulatlarına tələbin azalması məqsədi ilə, vergi və qiymət siyasətini  dəyişə, tütünün satışına və reklamına qadağa və ya məhdudiyyətlər qoya bilər.

 

Вся лента