BVF 2019-cu ildə Azərbaycanda ÜDM artımını 2,7% səviyyəsində proqnozlaşdırır

10:36 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Beynəlxalq valyuta fondu (BVF) IV maddə üzrə Azərbaycan Hökuməti ilə məsləhətləşmələr başa çatdıqdan sonra Fondun missiyasının bəyanatını dərc edib.

BVF-nin bəyanatında deyilir ki, Fond Azərbaycan hökumətinə özəl sektorun rolunun artırılmasına, idarəetmənin və şəffaflığın yaxşılaşdırılmasına yönəlmiş struktur islahatlarının dərinləşdirilməsini və genişləndirilməsini tövsiyə edir.

“BVF Azərbaycan hakimiyyəti tərəfindən pul-kredit siyasətinin yumşaldılmasının davam etdirilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Mərkəzi Bankının yenicə elan etdiyi inflyasiyanın hədəflənməsinə keçid şokların öhdəsindən gəlməyə və risklərin daha səmərəli idarə olunmasına kömək edəcək. Pul-kredit əməliyyatlarının yaxşılaşdırılması və yerli valyutada qiymətli kağızların buraxılışının artırılması ilə yanaşı, bu, maliyyə bazarının inkişafına kömək edəcək, maliyyə sektorunun likvidliyinin idarə edilməsini asanlaşdıracaq”, - deyə BVF-nin məlumatında bildirilir.

Fondun missiyasının bəyanatında bildirilir ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 2,7%, 2020-ci ildə 2,1% səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, 2019-2020-ci illərdə qeyri-neft sektorunun artımı müvafiq olaraq 2,8% və 2,7% təşkil edəcək. 2019-cu ildə neft ÜDM-in artımı 2,5%, 2020-ci ildə 1,2% səviyyəsində proqnozlaşdırılır.

“Bu il Cənub Qaz Dəhlizinin istismarının başlanması ilə əlaqədar olaraq karbohidrogenlərin hasilatı artacaq”, - deyə bəyanatda bildirilir.

BVF-nin qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 3,2%, 2020-ci ildə 3,3% təşkil edəcək. 2019-cu ildə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 10,4%-i, 2020-ci ildə ÜDM-in 10,9%-i səviyyəsində proqnozlaşdırılır. BVF - nin qiymətləndirməsinə görə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar ÜDM-in 4,8%-ni, 2020-ci ildə isə ÜDM-in 4,5%-ni təşkil edəcək.

“Ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in artım templərinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın şaxələndirilməsi özəl sektorun rolunun artırılmasına, idarəetmənin və şəffaflığın yaxşılaşdırılmasına yönəlmiş struktur islahatlarının dərinləşdirilməsini və genişləndirilməsini tələb edir. Dünya Bankının biznesin aparılması indikatorlarının yaxşılaşdırılması üzrə hakimiyyətin bu yaxınlarda atdığı addımlar dövlət müəssisələrinin restrukturizasiyası, rəqabətin inkişafı və satınalmaların və maliyyə çıxışının yaxşılaşdırılması üzrə səylərlə tamamlanmalıdır. Təhsilin və səhiyyənin keyfiyyətinin yüksəldilməsi daha məhsuldar işçi qüvvəsinin yetişdirilməsinə kömək edəcək. Sosial tədbirlər məqsədyönlü olmalıdır. İqtisadi siyasətin əsasları və institutlarının durmadan təkmilləşdirilməsi onu hakimiyyətin özəl, diversifikasiya olunmuş və inklüziv iqtisadi artım barədə təsəvvürlərinə uyğunlaşdırmağa kömək edəcək”, - deyə BVF-nin məlumatında bildirilir.

 

Вся лента