S&P: Azərbaycanda problemli kreditlərin səviyyəsi yüksək olaraq qalır

04.07.2019,17:50


4 iyul, Fineko/abc.az. Standard & Poor's beynəlxalq reytinq agentliyi MDB ölkələrində problemli kreditlər üzrə hesabat dərc edib.

S & P hesabatına əsasən, problemli aktivlərin davamlı yüksək səviyyəsi region ölkələrinin bank sistemlərinin səciyyəvi xüsusiyyətlərindən biri olaraq qalır. Məsələn, son on il ərzində Rusiya, Qazaxıstan, Azərbaycan və Ukraynanın bank sektorlarında problemli kreditlərin orta səviyyəsi inkişaf etməkdə olan iqtisadiyyata malik (xüsusilə Braziliya və CAR) bir çox ölkələrin analoji göstəricilərini üstələyib.

“Problemli kreditlərin səviyyəsi regionun müxtəlif ölkələrində çox fərqlidir. Xüsusilə, 2011-2018-ci illərdə Gürcüstan və Ermənistanda problemli kreditlərin orta səviyyəsi müvafiq olaraq 7,4% və 5,6% təşkil edib və 10%-dən sabit olaraq aşağı olub. Gürcüstan və Ermənistanda daha effektiv  bank nəzarəti və daha güclü idarəetmə təcrübələri banklara kredit portfellərinin dollarlaşmasının yüksək səviyyəsinə baxmayaraq problemli borclarla bağlı məsələləri kifayət qədər uğurla həll etməyə imkan vermişdi. Qazaxıstan, Azərbaycan və Ukraynada vəziyyət fərqli olub. Orada problemli kreditlərin səviyyəsi son dərəcə yüksək olaraq qalır”, - deyə hesabatda bildirilir.

S&P analitiklərinin fikrincə, məsələn, rəhbərlik tərəfindən əlaqəli tərəflərin kreditləşdirilməsində və ya saxta hərəkətlərdə ifadə olunan korporativ idarəetmənin zəif təcrübələri, bu ölkələrdə geniş yayılmışdır.

“Azərbaycana gəldikdə isə, burada problemli kreditlərin səviyyəsi olduqca yüksəkdir (2015-ci ildə kredit portfelinin 65%-ni pik səviyyədə təşkil etmişdi) risklərin idarə edilməsinin zəif praktikasını, dələduzluğu və ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən xarici valyutada kreditləşmənin həddindən artıq yüksək səviyyəsini əks etdirir”, - deyə hesabatda qeyd edilir.

Reytinq agentliyinin hesabatına əsasən, nəzərdən keçirilən regionun bir çox bankları yığdıqları problemli kreditlər üzrə itkilərə əlavə ehtiyatlar formalaşdırmaqda davam edəcəklər. Nəticədə, yaxın bir neçə il ərzində bankların gəlirlilik və kapitallaşma göstəriciləri təzyiq altında qalacaq.

Agentliyin ekspertləri hesab edirlər ki, problemli kreditlər üçün yeni ehtiyatların yaradılması, ayrı-ayrı banklar üçün, tənzimləyicinin minimum tələbindən aşağı səviyyəyə qədər, kapitalın kafilik əmsalının zəifləməsinə gətirib çıxara bilər ki,  xüsusilə də Qazaxıstan və Azərbaycan kimi yığılmış problemli aktivlərin yüksək səviyyədə olduğu ölkələrdə.