Azpetrol Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

14:04 - 15.07.2019


15 iyul, Fineko/abc.az. “Azpetrol ltd” ASC sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və Caspian Energy-nin fəaliyyətinin 20 illik yubileyinə həsr olunub.

“Azpetrol ltd” özündə dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian European Club-un fəal iştirakçısıdır”, - deyə  Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

“Azpetrol ltd” ASC-nin baş direktoru Ceyhun Məmmədov region üçün 9-cu Beynəlxalq Caspian Energy Forum-2019 kimi əlamətdar hadisəyə dəstək verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, “Azpetrol ltd” uzun illərdir Caspian European Club-u dəstəkləyir və keçirilən biznes-forumlarda fəal iştirak edir.

1997-ci ildən fəaliyyət göstərən “Azpetrol ltd” ASC beynəlxalq standartlara cavab verən ən müasir benzin və qaz doldurma məntəqələri şəbəkəsinə sahib olan və respublikada yanacaq satışı bazarında müştərilərə yüksək keyfiyyətli xidmət göstərən milli şirkətdir.

Caspian Energy Forum-2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak dəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, agentliklərinin, dövlət xidmətlərinin rəhbərləri, həmçinin dövlət və transmilli şirkətlərin,  beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.

Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Вся лента