Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu yerli valyutada istiqraz buraxır

17.07.2019,16:04


17 iyul, Fineko/abc.az. Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcək.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir.

Qeyd edilir ki, MBNP tərəfindən iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycanda sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək.

Bank tərəfindən buraxılacaq istiqrazlar qısa müddətə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaxın gələcəkdə  Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi planlaşdırılır.