Azərbaycan ABŞ-a ildə 3 min mebel dəsti ixrac edəcək

17:09 - 25.07.2019


25 iyul, Fineko/abc.az. Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac ediləcək.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.

Tədbir zamanı “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov bildirib ki, Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulka və materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı və sair sahələri üzrə 8 rezident fəaliyyət göstərir. Daha 9 rezident 11 istehsalat sahəsi üzrə yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Ümumilikdə isə, Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 41,5 milyon manat investisiya qoyuluşu və 680 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabrından fəaliyyət göstərir. Rezident tərəfindən sənaye parkında istehsal sahəsinin yaradılmasına 4 milyon manatadək investisiya yatırılıb. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb.

Вся лента