Şahmar Mövsümov: “Azərbaycan şəffaflıqdan qorxmur”

15:39 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Azərbaycan MSŞT-dən (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) çıxdığını bəyan edib, lakin təşkilatın prinsiplərinə, yəni, şəffaflıq prinsiplərinə sadiq qalıb.

Bu barədə, Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın hesabatının təqdimatında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2003-cü ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub.

Bu müddət ərzində hasilatla bağlı bütün məlumatlar  ictimaiyyətə  təqdim edilib.

“Bu müddət ərzində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 20-dən çox hesabat dərc etmişik. Buna baxmayaraq, Azərbaycana qarşı ikili standartlar tətbiq edilib. 2013-cü ildən etibarən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü tərəfindən Azərbaycana qarşı ikili standartların tətbiqi və qərəzli mövqeyi müşahidə olunur”, - Şahmar Mövsümov belə deyib.

O,  həmçinin qeyd edib ki, Azərbaycan şəffaflıqdan çəkinmir.

“Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Biz, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxdıqdan sonra daha ətraflı hesabat hazırladıq. Bu prosesə müstəqil auditor da cəlb etmişik. Hesabatlara bir sıra yeni məlumatlar daxil edilib. Hesabatda ARDNŞ-nin sosial xərcləri, Hasilatın Pay Bölgüsü sazişləri ilə bağlı ətraflı məlumatlar əks etdirilib. Bir sözlə, Azərbaycan təşkilat olaraq MSŞT-dən çıxdığını bəyan edib, lakin təşkilatın prinsiplərinə, yəni, şəffaflıq prinsiplərinə sadiq qalıb”, - deyə Ş.Mövsümov bildirib.

 

Вся лента