Azərbaycanın bank sektorunun aktivləri 16 faizdən çox azaldı

10:30 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 16 faizdən çox azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata əsasən, məcmu öhdəliklər 23216,6 milyon manat təşkil edib.

Azərbaycanın bank sektorunun aktivləri noyabrın 1-də 26311,6 milyon manat təşkil etmişdir ki, bu da ilin əvvəli ilə müqayisədə 16,3% azdır.

Müştərilərə verilmiş kreditlər 10056,5  milyon manat və ya bank aktivlərinin ümumi həcminin 38,2%-ni təşkil etmişdir. Cari ilin 10  ayı ərzində bankların kredit portfeli 29,4% azalıb.

Hesabat dövründə bankların ümumi öhdəlikləri 21,4% azalaraq 23216,6 milyon manat təşkil etmiş, depozit portfeli 4,7% azalaraq 15640,4 milyon manat təşkil etmişdir. Onların 7250,2  milyon manatı fiziki şəxslərin, 8390,2 milyon manatı isə hüquqi şəxslərin depozitlərinə düşür. Cari ilin yanvar-oktyabr ayları ərzində əhalinin sərmayələri 2,45%, şirkətlərin vəsaitləri isə 6,55% azalmışdır.

İlin əvvəlindən etibarən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 66,6% azalaraq 566,6 milyon manat təşkil etmişdir.

Həmin dövr ərzində kredit təşkilatlarının ümumi kapitalı 62,1% artaraq  3 095  milyon manata çatmışdır.

 

Вся лента