Vüsal Qasımlı : Azərbaycanda bu ilin qeyri-neft sektoru üzrə kapital qoyuluşu 4,6 mlrd. manata çatıb

17:09 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə bu il görülən işlərin icraçı qurumlarla birlikdə müzakirəsi aparılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, aparılan iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 %, qeyri-neft sektoru üzrə ixrac 17 % və qeyri-neft sənayesi 15,8 % artdığı halda inflyasiya cəmi 2,7 % təşkil edib və manatın sabitliyi qorunub.

V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 % artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 mln. manat və ya 4,3 % azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 mln. manat və ya 20,6 % artıb.”

 

Вся лента