Quba-Xaçmaz rayonunda sahibkarlara 3,8 mln. manat güzəştli kredit verilib

16:14 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sentyabrın 5-də Xaçmazda işgüzar forum keçirib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu ilin ötən dövründə 721 sahibkarın ümumi dəyəri 265,8 milyon manat olan investisiya layihələrinə 76,2 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 3000-dək iş yerinin açılmasına imkan yaratdığını qeyd edib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 3,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər turizm, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tara istehsalı və s. sahələrə yönəldiləcəkdir.

Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması hesabına 300-dən çox iş yerinin açılması mümkün olacaq.

 Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,3 milyon manat güzəştli kredit verilib.

 

 

Вся лента