Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu - “NASA Space Apps Challenge” keçiriləcək

14:18 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Azərbaycanda ilk dəfə “Azərkosmos” ASC-nin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ADA Universiteti və Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA ) tərəfdaşlığı ilə birgə dünyanın ən böyük hackathonu – “NASA Space Apps Challenge” təşkil edir.

Bu barədə  “Azərkosmos” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “NASA Space Apps Challenge Hackaton” müsabiqəsi zamanı iştirakçılar – tələbələr və hackathon həvəskarların 2 gün ərzində təxminən 48 saat müddətində verilən tapşırıq üzərində işləyərək məhsul təqdim etmək üçün bir araya gələcəklər. Yarış iştirakçıları öz təcrübə və bilikləri digərləri ilə bölüşməklə yanaşı, “NASA Space Apps Challenge Hackaton”u çərçivəsində innovativ məhsul yaratmaq imkanı əldə edəcəklər.

Hackaton oktyabrın 18-20-də Bakıda ADA Universitetində baş tutacaq. Müsabiqədə qalib komanda üçün mükafat 10 min manat nəzərdə tutulub. İkinci yerin sahibi – 5 min manat, üçüncü yerdə qərarlaşan komanda isə 2500 manat mükafat qazanacaq.

Təşkilatçılar bildirib ki, “NASA Space Apps Challenge” Yer və kosmosu anlamaq təcrübəsi əldə edərək, həmfikir komanda yoldaşını tapmaq və hacking bacarıqlarını nümayiş etdirmək üçün yaxşı bir fürsətdir. İştirakçıla əhatələrini genişləndirmək, mentorlardan və mütəxəssislərdən, eləcə də bir-birindən öyrənmək şansı əldə edəcək.

 

© Azertag.az


Вся лента