Yeddi ayda ÜMD nə qədər artıb?

16:38 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2,5% artıb.

Abc.az Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-neft sektorunda artım 3% olmuş və əsasən ticari sektordan qaynaqlanıb.

Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artmış, ticarətdə azalmış, xidmət və tikinti sektorlarında isə dəyişməz qalıb.

İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.

Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 dollar) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə 8 ayda ixrac 5.1%, o cümlədən, qeyri-neft ixracı 15.4% artmış, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11.7% təşkil edib. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.

Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5% və ya 4.7 mlrd. dollar artaraq 49.4 mlrd. dollara çatıb. Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5.1%, o cümlədən, ət məhsulları üzrə 10.7%, süd məhsulları üzrə isə 14.4% yüksəlib (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).

Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.

 

Вся лента