Heydər Əliyev Beynəlxalq Aeroportu 25 faiz çox sərnişinə xidmət göstərmişdir

13.12.2017,11:19


Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25 faizdən çox artıb.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,1 milyon sərnişin düşmüşdür ki, bunun da 545 min nəfəri daxili reyslərlə daşınmışdır.

Hesabat dövründə 2017-ci ilin sentyabrından uçuşlar yerinə yetirməyə başlayan ilk milli

lou-koster “Buta Airways” 55 min sərnişinə xidmət göstərmişdir.

Sərnişin dövriyyəsinin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 43 faizi AZAL-ın və “Buta Airways”in, 57 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,31 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

 

 

Ключевые слова: sərnişin Aeroport