“Аsan İmza” – Estoniyada hər il keçirilən e-ID beynəlxalq forumunda təqdim edilib

10:29 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az.  17-18 sentyabr 2019-cu il tarixində Estoniyanın Tallin Kreativ Qovşağında (Kultuurikatel) hər il keçirilən beynəlxalq eID forumu baş tutdu. Estoniya Dövlət İnformasiya Sistemləri Departamenti və Estoniya Respublikasının E-Residency ilə əməkdaşlığı çərçivəsində keçirilən tədbir eID sahəsində texnologiyalar və həllərin müzakirəsini stimullaşdıran sənaye və hökumətlər arasında açıq dialoq, inteqrasiya və funksional uyğunluq, eləcə də gələcəyi yaxşılaşdıracaq eID innovativ xidmətlər üçün qabaqcıl sahəvi ideyalar üzrə layihələrin müzakirəsinə həsr olunmuşdur.

Sessiyada “Asan İmza”nın operatoru, Rəqəmsal Ticarət Qovşağı (RTQ) layihəsinin partnyoru, həmçinin Azərbaycanda Mobile-ID layihəsi üzrə konsorsiumun rəhbəri olan B.EST Solutions şirkətinin direktoru və təsisçisi, xanım Jana Krimpe təqdimatla çıxış etdi. O, “Milli mobil identitetlərin uyğunluq yoluna doğru” Asan İmza texnologiyası haqqında danışmış və rəqəmsal Azərbaycanın uğurları ilə bölüşmüşdür.

B.EST Solutions şirkətinin icraçı direktoru cənab Elçin Əhmədov da Forumda iştirak edərək paralel sessiyalar və seminarlarda perspektivli təklif və ideyalarla fəal şəkildə müzakirələr aparmışdır.

Sessiyanın moderatoru Böyük Britaniyanın Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) və Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) sədri cənab Con Şamax olmuşdur. GANMI-nin həmsədri və həmin sessiyanın məruzəçisi olan xanım Jana Krimpe GANMI-nin əsas missiyasını açıqlamış və e-debatlarda iştirak etmişdir. Onunla yanaşı bu debatlarda Marqus Arm  – Estoniyanın Dövlət informasiya sisteminin idarə edilməsinin eID şöbəsinin rəhbəri; Olaf Yonkers, İTSME-də informasiya sistemləri və əməliyyatları üzrə direktoru, Belçika; Yuha Mitrunen, Finlandiyanın Maliyyə Nazirliyinin Baş məsləhətçisi; Yəhya Ələzri - Milli Rəqəmsal Sertifikatlaşdırma Mərkəzinin direktoru, Oman Sultanlığının İnformasiya Texnologiyaları üzrə Tənzimləyicisi və IDEMIA-da (Fransa) milli identitet və xidmətlərin bazarı üzrə menecer Pavlina Navratilova da iştirak etmişdir. 

e-ID forumu ilə yanaşı tədbir çərçivəsində, Azərbaycan, İsveç, Norveç, İslandiya, Belçika, Estoniya, Oman və Ukrayna hökumət nümayəndələrinin iştirakı və Avropa e-ID və Təhlükəsizlik üzrə Assosiasiyanın (EEMA) rəhbərliyi və koordinasiyası ilə illik GANMI iclası keçirildi. Bu nümayəndələr ölkələrinin milli mobil identitetlər sahəsindəki nailiyyətləri ilə bağlı müzakirələrdə iştirak etmişdilər. Görüşün əsasını gələcəkdə faydalı əməkdaşlığın müzakirəsi təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan mobil rəqəmsal identitetin istifadəsi və onun müxtəlif dövlət və özəl xidmətlərə inteqrasiyası üzrə dünyada aparıcı yerlərdən birini tutur. Bura Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və dövlət-özəl əməkdaşlıq prinsipinə əsaslanan Rəqəmsal Ticarət Qovşağı (RTQ) portalına “Asan İmza”nın inteqrasiyasını da daxil etmək lazımdır. 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dünyada mobil Rezidentlik layihəsini reallaşdıran ilk, Estoniyadan sonra elektron Rezidentlik layihəsini reallaşdıran ikinci ölkədir. Ölkənin bütün diplomatik nümayəndəlikləri və konsulluqları, Azərbaycanda iş görmək və ya ölkə iqtisadiyyatına investisiya qoymaq istəyən xarici vətəndaşlara m-Rezidentlik – mobil identitet elektron sertifikatını (Asan İmza) vermək səlahiyyətinə malikdirlər.

Forum haqqında daha ətraflı məlumat üçün bax: https://www.eidforum.org/ 

Вся лента