“Bank Standard”-a qaytarılacaq kredit borclarının həcmi Açıqlanıb

13:13 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi dünən Ləğv prosesində olan “Bank Standard” QSC-nin vaxtilə verdiyi kreditlərin 70 milyon manatı geri qaytarılıb. Nəzərə alsaq ki, bu 3 il ərzində banka ödənilən cüzi məbləğdir, onda deməli hələ geri qayıtmayan xeyli kreditlər qalır.

 Məsələ ilə bağlı bankın kreditorlar komitesinin keçmiş sədri Əkrəm Həsənov ABC.AZ-a bildirdi ki, banka borc 800 milyon manat idi, həmin məbləğdən isə 70 milyon qaytarılıb. Bunu biyabırçılıq adlandıran Ə. Həsənov günahı Əmanətlərin Sığortalanması Fondunda görür: “Bu sadəcə o deməkdir ki, bankın ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondu işinin öhdəsindən gələ bilmir. Təbii ki, Fond verilən kreditləri yığmalıdır ki, həm fiziki şəxs olan əmanətçilərin, həm də hüquqi şəxslərin orada qalan pulu qayıtsın. Mən xatırlayıram orada fiziki şəxslərin 157 milyon pulu qalıbmışdı. Hüquqi şəxslərin isə 400 milyondan çox pulu var idi. Eyni zamanda Fondun özünə də bankın  460 mlyon  manat borcu var. Bununla yanaşı Mərkəzi Banka da 154 milyon manat borc qalmışdı. Ümumiləşdirsək cəmi bankın borcu 1 milyard 200 milyon manat idi. Təbii ki, kreditlərin qaytarılmasının ləng getməsi nəinki “Bank Standard”da o cümlədən digər ləğv prosesində olan banklarda da var. Bu da əmanətlərin qaytarılmasına ciddi maneəçilik törədir və əsas problem elə bankın ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondundadır. Yəni fond bu prosesi qeyri şəffaf və qanunsuz aparır. Hətta kreditorlara borclulara qarşı apardığı məhkəmə işinin siyahısını da vermir”. 

 

Müəllif: Elmir Murad

Вся лента