Anar Həsənov: AccessBank Azərbaycan Kredit Bürosuna ən çox sorğu göndərənlərdəndir

15:25 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. AccessBank Azərbaycan Kredit Bürosuna (AKB) ən çox sorğu göndərən bankların sırasındadır.

ABC.AZ xəbər verir ki, bunu adıçəkilən bankın İdarə Heyətinin sədri Anar Həsənov İFC (Beynəlxalq Maliyyə Korparasiyası) Azərbaycan və Orta Asiya Maliyyə İnfrastrukturu Layihəsinin bitməsinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu, AccessBank-ın kreditləşməyə konservativ yanaşmasından irəli gəlir.

"Ortalama olaraq AccessBank AKB-yə ay ərzində 17000-dən çox sorğu göndərir. Bu ilin yanvar-avqust ayları ərzində 140000-dən çox sorğu göndərmişik", - deyə bankir bildirib.

Bank rəhbəri onu da qeyd edib ki, müştərilərin AKB-də yoxlanılması AccessBank-ın kredit risklərinin əhəmiyyətli dərəcədə endirilməsinə səbəb olur və müştərilərin kredit borclanmasının qarşısını almağa imkan yaradır.  

A. Həsənov əlavə edib ki, AKB-nin hesabatları bank sektorunu böyük həcmdə faydalı məlumatlarla təmin edir: "Bu yaxınlarda webservice funksiyası təqdim olundu ki, o da banklara AKB hesabatlarını istənilən formatda əldə etməyə imkan verir və banklar tərəfindən bu məlumatların kütləvi analiz üçün istifadə olunmasını təmin edir. Həmçinin, bu funksiya məlumatların daha sürətlə əldə olunmasını təmin edir, bununla da kredit işinin effektivliyini artırmış olur".          

 

  Müəllif: Elmir Murad

Вся лента