Gələn il Azərbaycanın avtomobil bazarında nə baş verəcək? – Ekspert Açıqlayır

09:58 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az.  Bitməkdə olan 2019-ci ili Azərbaycanın avtomobil bazarını pozitiv dinamikalı xarakterizə etmək olar.  Bu pozitiv faktoru təmin edən əsas şərtlərdən birincisi milli valyutamızın nisbətən stabil olmasıdır. Manat il ərzində kəskin hərəkətlər etmədiyinə görə,avtomobil bazarı stabil qaldı.

Bunu ABC.AZ saytına  avtomobil bazarının vəziyyətini şərh edən Avto-nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Proqnozlara görə 2020-ci ilin sonuna istehsal olunan avtomobillərin 17%-ni elektron avtomobillər təşkil edəcək deyən ekspert hesab edir ki, bu maşınların 75%-i isə tam elektrik deyil, hibridlər olacaq: “Yəni, bir çox ölkələrdə elektromobil infrastrukturu mövcud olmadığına görə hibrid prioritet olaraq qalacaq. Artıq indi demək olar ki, yaxın 6 ildə Bakının küçələrində elektromobillər artacaq, hətta pilotsuz avtomobillər şütüyəcək. 2020-ci il və növbəti iki ildə Azərbaycanın avtomobil bazarında seqmentə görə elektromobil və hibrid CUV –lar artacaq. Krossoverlər yanacaq sərfiyyatında yolsuzluq maşınlarından daha az, hündürlüyünə görə isə idarəetmə sedandan daha əlverişlidir. Gələn il də ölkəmizdə krossoverlər populyar maşınlar olacaq”.

E.Cəfərov qeyd etdi ki, Neftaçalada avtomobil zavodunun fəaliyyətə başlaması ilə ölkəmizdə maşın istehsalında artım var: “Lakin bu artım Azərbaycanın avtomobil parkında həlledici rol oynamır. Çünki hazırkı tələbatın heç olmasa, 20% ni ödəyə bilmir. İstehsal prosesində ötən il min ədəd istehsal olunub və satılıb. Məsul şəxslər deyib ki, zavod ildə 10 000 maşın istehsal etmək gücünə malikdir. Qeyd etmək lazımdır ki, öz istehsalımız olan maşınlar Avropa, ABŞ və Yaponiyadan gətirilən yeni avtomobillərlə rəqib deyil. Ona görə də hazırkı gömrük və aksiz rüsumlarının yüksək olmasını daxili istehsala dəstək kimi dəyərləndirmək doğru olmazdı.

Azərbaycanın avtomobil bazarı ildə 2% artımla inkişaf edəcək. Artıma təsir edən əsas amillər, milli valyutamızın kursunun stabil qalması və iqtisadiyyatın dayanıqlığıdır. Digər amil Avropa İttifaqı ölkələrinin dizel mühərriki ilə çalışan avtomobillərin və ABŞ-dan hibrid avtomobillərin ixracının artması ilə bağlıdır. Hazırda Azərbaycanda real tələb ildə təxminən qırx min avtomobil təşkil edir. Ənənəvi yanacaqla işləyən maşınların erası 2025-ci ildə bitəcək. Yaxşı olardı ki, qeyri-ənənəvi yanacaqla işləyən,elektrik və hibrid modellərin ölkəyə gətirilməsi dövlət tərəfindən stimullaşdırılsın ki, biz bu sahədə də qonşularımızdan geri qalmayaq və sonra bir neçə əvvəl olduğu kimi gedib oradan zay maşınları ölkəmizə daşımayaq. Avto-kreditlərin bank faizlərinin, gömrük və aksiz vergisinin yüksək olması vətəndaşlara yeni maşın almağa imkan vermir. Bu səbəbdən də ucuz-yararsız, ekologiyaya və sağlamlığa zərər vuran maşınlar alıb sürüməyə məcburdurlar. Avtomobili kreditlə alarakən özəl banklar ilkin ödəniş olaraq maşının dəyərinin 40%-ni, illik isə 16% tələbi qoyurlar. Bu da fantastik rəqəmlərdir və təbii ki, alıcılara sərf eləmir. İlkin ödəniş 20%,illik isə 8%-9% civarında olsa,məqsədəuyğun olar”.

Вся лента