AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb

11:06 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az.  Son zamanlar bank sektoru, həmçinin “AtaBank” ASC barəsində qərəzli xoşagəlməz xəbərlər yayılır.

Bununla bağlı AtaBank xəbərləri yaymış saytların ictimaiyyətə yanlış məlumatların verilməsi halından təəssüfləndiyini bildirir və bununla bağlı aşağıdakıları çatdırmaq istəyir.

Belə ki, AtaBank bildirmək istəyir ki, bankın fəaliyyəti haqda mətbuatda işıqlandırılmış bu xəbər heç bir fakta əsaslanmır. Bank stabil fəaliyyətini davam etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir.

Bankın mövqeyi öyrənilmədən, jurnalist etikasından kənar yazılan bu səpkidə məlumatlar müştərilər arasında çaşqınlıq yaradaraq onların bank sektoruna olan etimadını sarsıdır.

Həmçinin vurğulamaq istərdik ki, dövlətin bank sektorunun inkişafı istiqamətində apardığı uğurlu siyasətinə xələl gətirən bu tip əsassız xəbərləri işıqlandıran informasiya saytları qanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media nümayəndələrini əsassız iddialar yaymamağa çağırırıq.

Вся лента