Caspian European Club-un ümumi toplantısı keçirilib

13:48 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. 16 oktyabr 2019-cu il tarixdə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə Caspian European Club-un üzv şirkətlərinin top-menecerlərinin ümumi toplantısı təşkil olunub.

Ümumi toplantıda İdarə Heyətinin üzvlərinin, komitə rəhbərlərinin, Caspian European Club-a daxil olan sahə və sahələrarası işçi qruplarının rəhbərlərinin hesabatları dinlənilib.

İclas çərçivəsində yeni inkişaf strategiyası, Caspian European Club-un üzv şirkətlərini maraqlandıran sual və təkliflər müzakirə olunub, həmçinin dördüncü rüb ərzində biznes-forumların, dəyirmi masaların və CEO Lunch-ın təşkil olunacağı dövlət məmurlarının siyahısı tərtib edilib. Əsas diqqət beynəlxalq layihələrin inkişafına və Caspian European Club-un Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkiyə və ofis, eləcə də daimi nümayəndəliklərin olduğu digər ölkələrdəki fəaliyyətinin irəliləyişinə yetirilib.

Yeni strategiyaya əsasən, Caspian European Club tərəfdaşları ilə birgə aylıq Caspian Energy İnvestor və illik Caspian Energy İndex nəşrlərini bərpa edəcək. Hər iki layihə yalnız abunə yolu ilə əldə olunacaq və orada qanunvericilikdəki dəyişikliklər, investisiya təklifləri, tenderlər, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar və investorlar üçün faydalı məlumatlar öz əksini tapacaq.

Yeni strategiyada həmçinin sahibkarların qeyri-rəsmi xarakterli aylıq tədbirlərdə iştirak etmək istəkləri əks olunacaq. Ənənəvi tədbirlər kimi bu görüşlər də şirkətlər arasında netvorkinqin yaxşılaşmasına xidmət edəcək. Sonda hər rübdə ümumi toplantıların təşkili ilə bağlı qərar qəbul edilib. Eyni zamanda İdarə Heyətinin üzvlərinin, komitə rəhbərlərinin, sahə və sahələrarası işçi qrup rəhbərlərinin növbəti seçkilərinin tarixi açıqlanıb. Ümumilikdə Klubun İdarə Heyətinin hazırkı tərkibinin fəaliyyəti uğurlu qiymətləndirilib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.

 

Вся лента