Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub

13:08 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkına (SKSP/SCIP)  gedib və yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, prezident parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlqoyma mərasimində iştirak etdi.

Zavodda şüşə istehsalı Almaniya texnologiyası ilə təşkil olunacaq. Zavodun illik istehsalat gücü  8 milyon kvadrat metr təşkil edəcək. İstehsal olunacaq məhsul Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac  ediləcək. Zavodda 180 nəfər işləyəcək.

Prezident həmçinin yunəyrici-boyaq fabrikinin də təməlqoyma mərasimində iştirak etdi. Fabrikdə 100 nəfər çalışacaq.

Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi.

Zavodun ümumi sahəsi 18,3 hektar, illik istehsalat gücü isə 20 min ton təşkil edir. Bu müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. Zavodda 100 iş yeri açılıb.

Sonra Prezident İlham Əliyev parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak etdi.

Həmin Data Mərkəzin istismara verilməsi gələcəkdə Azərbaycanda “Blockchain” texnologiyasının tətbiqini  genişləndirməyə imkan yaradacaq. Bu layihənin gerçəkləşdirilməsi nəticəsində 100 nəfər işlə təmin olunacaq.

Sumqayıt Kimya Sənaye Parkı ərazisində  rəqabətədavamlı məhsulların (işlərin, xidmətlərin) istehsalı üzrə müəssisələr, neft-kimya və sənayenin digər prioritet sahələri üçün emal müəssisələri yaradılır.

 

Вся лента