Rusiyadan Bakı metrosu üçün yeni qatarlar gətiriləcək

10:24 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Bakı metropoliteninin lokomotiv parkında istismar müddətini başa vuracaq vaqonlar yeniləri ilə əvəzlənəcək.

"Bakı Metropoliteni" QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, bununla əlaqədar Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərində "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb.

Belə ki, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək. Müqaviləni "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov imzalayıblar. Müqaviləyə əsasən, il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Bununla da üç il ərzində zavodda Bakı metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Onu da vurğulamaq lazımdır ki, bununla Bakı metropolitenində istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək. İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.

Müəllif: Elmir Murad

 

Вся лента