Azərbaycanın energetika naziri Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri ilə görüşüb

15:21 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın ticarətin və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.

Energetika Nazirliyinin məlumatında deyildiyi kimi, Azərbaycan və Böyük Britaniya  bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq barədə müzakirə apardılar.

“Görüşdə, Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin enerji aspektinə, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib”, - məlumatda belə deyilir.

Pərviz Şahbazov müstəqilliyin ilk illərindən Böyük Britaniyanın Azərbaycanın enerji sahəsində tərəfdaşı kimi fəaliyyətini, əsas investor kimi çıxış etməsini, BP şirkətinin nümunəsində yaradılmış uğurlu əməkdaşlıq modelini yüksək qiymətləndirib. “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi  və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılması ilə hər iki ölkənin uzunmüddətli perspektivdə maraqlarına təminat yarandığını bildirib.

Böyük Britaniya naziri BP şirkətinin iştirakı ilə Azərbaycanın enerji sektorunda layihələrin həyata keçirilməsində, habelə Cənub Qaz Dəhlizinin inşasının bitirilməsində hökumətdən dəstək olduğunu bildirdi.

Azərbaycanın enerji naziri qeyd etdi ki, neft-qaz sektoru uzun illər ərzində ölkə iqtisadiyyatında lider mövqe tutur, lakin hal-hazırda iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün islahatlar aparılır.

Görüş əsnasında enerji sahəsində əməkdaşlığın digər vacib məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 


Вся лента