Biznes-forum və üçüncü CEO Lunch Tbilisi keçirilib

15.12.2017,16:52


Caspian European Club və Caspian Energy Georgia Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyilə dekabrın 15-də Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch keçirilib.

Fəxri qonaq qismində CEO Lunch Tbilisi-də Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze və İmereti regionunun qubernatoru Givi Çiçinadze iştirak ediblər.

Forumda çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov bildirib ki, sayca üçüncü olan CEO Lunch Tbilisi aktual problem və məsələlərin müzakirəsi, eləcə də Azərbaycan və Gürcüstan sahibkarları arasında əlaqələrin qurulması üçün əlverişli meydandır. O həmçinin Azərbaycan Hökumətinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Caspian Energy Georgia-nın dəstəyilə Gürcüstanda Azərbaycan Ticarət Evi açmağı planlaşdırdığını və bütün şirkətləri  forum çərçivəsində bu məsələ ilə bağlı öz rəy və təkliflərini bildirməyə səsləyib. “Biz bu layihənin uğurlu həyata keçirilməsininin mümkünlüyünü yalnız bizneslə partnyorluqda görürük. Səfirlik həm Azərbaycan, həm də Gürcüstanın biznes nümayəndələri ilə dialoqa həmişə açıqdır”, - deyə səfir vurğulayıb.

Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze dəvətə görə Caspian Energy Georgia-ya minnətdarlığını bildirib, Gürcüstan-Azərbaycan biznes-forumunun formatının biznesin inkişafında və ölkələrimiz arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını deyib.

“Azərbaycanlı biznesmenlərin ölkəmizdəki mövcud mühitlə və Kvemo Kartli regionunun xüsusiyyətləri ilə tanış olmaq maraqlarını müsbət qarşılayırıq”, - deyə o söyləyib. Daha sonra Qriqol Nemsadze qonaqlara Kvemo-Kartli regionu haqqında danışıb və regionun investisiyalaşdırılması üçün vacib olan kənd təsərrüfatı, sənaye, turizm və enerji daşınması kimi sahələri qeyd edib. “Bizim administrasiya regionumuzda investisiya qoymaqda sizə hər cür kömək göstərməyə hazırdır. Mən həmçinin regionun biznes mühiti ilə yerində tanış olmaq məqsədilə bütün əlaqədar biznesmenləri Kvemo Kartliyə dəvət etmək istəyirəm”, - deyə o, çıxışına yekun vurub.

İmereti regionunun qubernatoru Givi Çiçinadze də öz növbəsində Caspian European Club üzvlərini və iştirak edən qonaqları salamlayaraq, Caspian Energy Georgia-ya gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra forum iştirakçıları üçün İmereti regionunun inkişaf perspektivlərinin təqdimatı keçirilib. Region barədə ətraflı məlumat verən qubernator iqtisadi və investisiya imkanları, eləcə də vergi sistemi, azad iqtisadi zona, beynəlxalq əməkdaşlıq və biznesə dəstək proqramları barədə danışıb.

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev Caspian Energy Georgia-nın fəaliyyətinə göstərilən fəal dəstəyə görə Gürcüstan Hökumətinə, Azərbaycan Respublikasının Gürcüstanı fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənova və PASHA Bank Georgia-ya minnətdarlığını ifadə edib. Bu cür tədbirlərin müntəzəm şəkildə keçirildiyini və sentyabrın 29-da təşkil olunan birinci CEO Lunch Tbilisi-də Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və hökumətin digər nümayəndələrinin iştirakının sevindirici olduğunu deyib.

Fürsətdən istifadə edən Telman Əliyev biznes-forumun bütün rəsmi qonaqlarını və iştirakçılarını 2018-ci il aprelin 12-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Gürcüstan hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın Caspian Energy Georgia şirkətidir.

Görüş iştirakçıları üçün 3-cü CEO Lunch Tbilisi-nin sponsoru olan PASHA Bank Georgia-nın təqdimatı təşkil olunub. PASHA Bank Georgia-nın Direktorlar şurasının sədri və baş icraçı direktoru Şahin Məmmədov qonaqları salamlayıb və təqdimat keçirib. Təqdimatda  PASHA Bank Georgia-nın yarandığı ilk gündən indiyə kimi olan dövrü əhatə edən maliyyə dinamikası və PASHA Holding barədə geniş məlumat verilib. Tədbirdə Azərbaycan və Gürcüstandan 80-ə yaxın biznesmen iştirak edib.

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı vasitə olan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

CEO Lunch Tbilisi-də sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.

Telman Əliyev Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regiounda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir

Onun sözlərinə görə yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.