Antiinhisar qurumların fəaliyyəti gücləndiriləcək – Mikayıl Cabbarovdan Açıqlama

10:19 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Bir neçə gün əvvəl İqtisadiyyat naziri təyin olunan Mikayıl Cabbarov bu postda ilk müsahibəsini verib.

ABC.AZ xəbər verir ki, AzTV-nin “Həftə” verilişində sualları cavablandıran nazir bir sıra vacib məsələlərə toxunub və qeyd edib ki, bazar iqtisadiyyatının rəqabət prinsipləri əsasında inkişafı üçün antiinhisar qurumların fəaliyyəti gücləndiriləcək. “Azad rəqabət prinsipinin təmin edilməsi üçün bütün iqtisadiyyatlarda antiinhisar qurumlar fəaliyyət göstərir” deyə M. Cabbarov bildirib və əıaveə edib ki, bu qurumun əsas məqsədi azad rəqabətin qorunmasıdır: “Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın qorunur. Bizim iqtisadiyyatda bəzi hallarda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu özünü müxtəlif amillərdə - ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında büruzə verir. Ona görə də, başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri mütəxəssislərlə təmin etmək, çatışmayan qanunları qəbul etmək, mövcud qanunvericiliyin tətbiqini gücləndirməkdir”.

Müəllif: Elmir Murad

 

Вся лента