Pensiya kapitalının 40 faizini dövlət maliyyələşdirsin – İqtisadçıdan Təklif

10:33 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov pensiyaya çıxmaq üçün tələb olunan şərtləri şərh edərkən bildirib.

Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq deyən iqtisadçı deyir ki, yəni minimum pensiya 300 manat olarsa o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. “Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər”.  V.Bayramov bunu belə əsaslandırır: “Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var. Buna görə də, təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır”.

Müəllif: Elmir Murad

 

Вся лента