Palatanın yeni qərarı formal xarakterlidir - Ekspert

10:36 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, qaydalara dəyişiklik isə birmənalı qarşılanmayıb.

Belə ki, iqtisadçı ekspert Əkrəm Həsənov dəyişikliklərə münasibət bildirirərək Palatanın bu qərarını formal addım adlandırıb.

 Ekspert dəyişikliyə iradını bir neçə bəndlə izah verərək əsaslandırıb. Birincisi Qaydalara edilən dəyişikliyə əsasən müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı məhdudlaşdırılıb. Dərhal sual yaranır ki, məgər istehlak krediti 7 ildən artıq müddətə verilir? İpoteka kreditlərindən başqa, bir qayda olaraq, verilmir. İpoteka kreditlərinin həcmi isə onsuz da azalıb. Deməli, bu dəyişiklik formal xarakterlidir. İkincisi Qaydalara edilən dəyişikliyə əsasən kapital adekvatlığı hesablanarkən istehlak kreditləri üzrə risk dərəcəsi artırılıb, biznes kreditləri üzrə isə əksinə azaldılıb. Bu nə deməkdir? Məlum olduğu kimi, bank əsasən cəlb edilmiş vəsaitlər (əmanətlər və s.) hesabına kredit verir. Amma bankın öz vəsaiti, yəni kapitalı (səhmdarların, sahiblərin qoyduğu pul) da olmalıdır. Ən azı 50 mln. manat. Kapital adekvatlığı verilən kreditlərin (aktivlərin) həmin kapitala nisbətidir. Yəni bu nisbətə tələb var, bank onu poza bilməz. Burada xüsusi məqam odur ki, sözügedən nisbət hesablanarkən bankın verdiyi kreditlər sadəcə məbləğ üzrə ölçülmür, müəyyən əmsala vurulur. Həmin əmsal risk dərəcəsini ehtiva edir. Yəni hər kredit növünün öz risk dərəcəsi ola bilər. Bax, Palata da etdiyi dəyişikliklə istehlak kreditinin risk dərəcəsini artırıb, biznes krediti üzrə isə əksinə azaldıb. Formal olaraq nəticədə istehlak kreditləri bankın adekvatlıq dərəcəsinə daha mənfi təsir edəcək. Məhz buna görə də guya bundan sonra banklar daha çox biznes kreditləri verməkdə maraqlı olacaq. Burada dərhal bir sual yaranır: biznes kreditləri üzrə risk dərəcəsinin azaldılması həmin kreditləri avtomatik olaraq daha az risklimi edir? Əlbəttə yox! Belə çıxır ki, Palata gözü görə-görə bankları kapital tələblərini pozaraq daha çox biznes krediti verərək daha riskli fəaliyyətə sövq edir. Məgər bank nəzarətinin məqsədi budur? Axı nəticədə bankların vəziyyəti daha da pisləşə bilər! Amma əsas heç bu da deyil!

Müəllif: Elmir Murad

 

Вся лента