“Azər-Türk Bank” 9 ayda yarım milyon manatdan çox mənfəət əldə edib – Hesabat

15:12 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. “Azər-Türk Bank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü (9 ay) 672 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bankın ötən ilin analoji dövrü ilə müqayisədə xalis mənfəəti 5,6 dəfə artıb. Belə ki, adıçəkilən bank ötən ilin yanvar-sentyabr dövrünü 120 min manat xalis mənfəət ilə bağlamışdı.

2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə bu ilin eyni zamanında “Azər-Türk Bank”ın faiz gəlirləri 3 milyon 451 min manat manat və ya 27,1% artaraq 16 milyon 173 min manat, qeyri-faiz gəlirləri isə 166 min manat və ya 2,2% azalaraq 7 milyon 540 min manat təşkil edib. Həmçinin ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə “Azər-Türk Bank”ın faiz xərcləri 358 min manat və ya 6,4% azalaraq 5 milyon 193 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 473 min manat və ya 9,2% artaraq 17 milyon 519 min manat təşkil edib. 

Sözügedən dövrdə bankın xərcləri azalıb, gəlirləri artıb. Nəticədə, cəmi gəlirlərin 3 milyon 285 min manat artması ilə bərabər cəmi xərclər 1 milyon 115 min manat artıb və Bankın cəmi xalis gəlir artımı 2 milyon 170 min manat olub.

2019-cu ilin yanvar-sentyabr dövründə “Azər-Türk Bank”ın cəmi gəlirləri 23 milyon 713 min manat, cəmi xərcləri 22 milyon 712 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 1 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 329 min manatını ehtiyata ayırıb və nəticədə 9 ayı 672 min manat xalis mənfəət ilə başa vurub.

Qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “AzərTürk Bank”ın cəmi gəlirləri 20 milyon 428 min manat, cəmi xərcləri 21 milyon 597 min manat və nəticədə 1 milyon 169 min manat əməliyyat zərəri yaranmışdı. Mümkün zərərlər üçün yaradılmış xüsusi ehtiyatdan 1 milyon 289 min manatın azad olması hesabına Bank əməliyyat zərərini bağlamış və 120 min manta xalis mənfəət təmin etmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента