Azərbaycan prezidenti Dünya Bankının nümayəndə heyətini qəbul edib

15:41 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (Multilateral Investment Guarantee Agency, MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev görüşdə bildirib ki, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə sabitləşmə dövrünə daxil olub.

“2017-ci ildə Azərbaycan iqtisadiyyatında sabitləşmə müşahidə olunur. Artım cari ildə qeyri-neft sektorunda  2,5%, qeyri-neft sənaye istehsalında  3%-dən çox, kənd təsərrüfatında isə 4%-dən çox təşkil etmişdir. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70%-ni təşkil edib”, - deyə İlham Əliyev bildirib. 

Azərbaycan Prezidenti qeyd edib ki, Cənub Qaz Dəhlizinin istismara verilməsi, Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənilməsi üzrə “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması,  qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin müsbət qiymətləndirilməsi üçün şərait yaradır.

Görüşdə Azərbaycanın MİGA ilə uğurla həyata keçirilən əməkdaşlığı qeyd edilmiş və irəlidəki əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

 

Вся лента