Caspian European Club biznes-tur təşkil edib

17:07 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.  

“2019-cu il noyabrın 1-də Caspian European Club-un üzvləri biznes-tur çərçivəsində “Debet Safety” şirkətinin istehsalat müəssisəsinə baş çəkiblər. 20 ildən çoxdur fəaliyyət göstərən “Debet Safety” şirkəti fərdi müdafiə vasitələrinin istehsalı və satışı bazarında liderdir. 6 min kv.m-ə yaxın ərazidə yerləşən “Debet Safety” şirkətinin fabriki istehsalat sexlərindən, anbardan və ofislərdən ibarətdir. Şirkətin həmçinin şəhərin mərkəzində şourum və 300 kv.m.-lik sahəni əhatə edən ofis məkanı var. Biznes-tur çərçivəsində Caspian European Club üzvləri təhlil və sifarişlərin işlənib hazırlanma prosesləri, istehsalat proseslərinin tam mərhələsi, o cümlədən məhsulların keyfiyyətinə nəzarət prosesləri ilə tanış olublar”, - deyə Telman Əliyev söyləyib.

Biznes-tur iştirakçılarına interaktiv formatda “Debet Safety” şirkətinin fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə Caspian European Club-un iştirakçılarının “Debet Safety” şirkətinin baş direktoru Əsəd Nəsrullayevlə görüşü də təşkil olunub. O, biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər və ilkin razılıq əldə olunub.

“Debet Safety” şirkətinin menecmentlik sistemi ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi standartı üzrə sertifikatlaşdırılıb. Şirkətin əməyin mühafizəsi və təhlükəsizliyi sistemi isə OHSAS 18001 standartı üzrə sertifikatlaşdırılıb. “Debet Safety” şirkəti tərəfindən isthesal olunan bütün xüsusi təyinatlı məhsullar Avropanın sertifikatlaşdırılmış institutlarının laboratoriyalarında testdən keçib və  EN ISO 13688, EN ISO 20471, EN 343, EN 342, EN ISO 11611, EN ISO 11612, EN ISO 14116, EN 1149 Avropa standartları üzrə sertifikatlaşdırılıb. Caspian European Club üzvləri üçün “Debet Safety” şirkəti kimi müəssisələrə təşkil etdiyimiz biznes-turlar sayəsində insanlar Azərbaycanda beynəlxalq tələblərə və standartlara uyğun məhsulların istehsal olunduğunu öyrənəcəklər”, - deyə Telman Əliyev söyləyib.

Telman Əliyev qeyd edib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İl ərzində ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA-nın Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə  və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşklatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.

Вся лента