Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM 6481,8 manata bərabərdir

19.12.2017,11:47


19 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 63071,3 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən bildirildiyi kimi,  keçən ilin analoji dövründə ÜDM səviyyəsi  0,2% azalıb.

“Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4% artmış, neft sektorunda isə 5,1% azalmışdır. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,7% təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 6481,8 manata bərabər olmuşdur”, - Statistika Komitəsindən belə xəbər verildi.

Komitədən həmçinin bildirildi ki, 2017-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 35,7 milyard manat həcmində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

“Neft hasilatı 6,2%, əmtəəlik qaz hasilatı isə 2,2% azalmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5% artmış, neft sektorunda isə 5,0% azalmışdır. İstehsal edilmiş sənaye məhsulunun əksəriyyəti istehlakçılara çatdırılmış, sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2017-ci il vəziyyətinə 542,3 milyon manatlıq hazır məhsul qalmışdır”, - məlumatda belə deyilir.

 

 

Ключевые слова: statistika ÜDM