Sənaye şirkətlərinin üçdə ikisi onlara olunmuş kiber hücumları gizli saxlayır

13:43 - 22.11.2019


22 Noyabr, Fineko/abc.az. Kaspersky şirkətinin  apardığı son sorğusunun nəticələrinə görə, dünya üzrə sənaye müəssisələrinin üçdə ikisi (67%) şəbəkələrində baş verən kiber hücumlar barədə tənzimləmə orqanlarına məlumat vermir. Müxtəlif norma və tələblərə uyğunluq müasir sənaye şirkətləri üçün icbaridir, hətta informasiya təhlükəsizliyinə investisiya qoyuluşunun əsas amillərindən biridir, lakin müəssisələr çox vaxt bütün qaydalara əməl etmirlər.

Sənaye şirkətləri ən çox tənzimləyicinin tətbiq etdiyi cərimələrdən və bu cür hadisələr barədə məlumatların üzə çıxmasının onların nüfuzuna xələl gətirə biləcəyindən narahatdırlar. Sorğu zamanı respondentlər kiber hadisələrin yarısından çoxunun (52%) tənzimləyicilərin tələblərinin pozulmasına səbəb olduğunu etiraf ediblər. Respondentlərin 63%-i kiber insidentlər səbəbindən müştəri etibarının itirilməsinin mümkünlüyündən çox narahat olduqlarını söyləyiblər.

Kiber hücumlar haqqında tənzimləyicilərin məlumatlandırılması istisna olmaqla, sənaye şirkətləri ümumiyyətlə norma və tələblərə çox ciddi yanaşırlar. Sorğunun nəticələrinə görə, dünya üzrə müəssisələrin yalnız 21%-i tənzimləyicinin tələblərini lazımi səviyyədə yerinə yetirmədiklərini düşünür. Bundan əlavə, şirkətlərin 55%-i norma və qaydalara riayət etməyi informasiya təhlükəsizliyinə qoyulan əsas sərmayə hesab edir. Müəssisələrin yalnız 28%-i mövcud təhlükələrin mənzərəsinə əsaslanaraq kiber təhlükəsizlik üçün büdcə təyin edir.

“Sənaye sahəsində tənzimləyici orqanların norma və tələblərinə riayət etmək son dərəcə ciddi bir vəzifədir. Lakin daim dəyişən kiber təhlükələrin real mənzərəsini xatırlamaq eyni dərəcədə vacibdir. Müəssisələrin bütün tələblərə uyğun və yüksək keyfiyyətli təhlükəsizliyinin təmin olunmasına ixtisaslaşdırılmış qoruyucu həll və aydın təhlükəsizlik siyasəti ilə nail olmaq olar. Bu cür həllər qabaqcıl təhlükətanıma texnologiyalarını, həssaslıqların qiymətləndirilməsini və insidentlərə reaksiya vasitələrini özündə cəmləməli, habelə işçilərə kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq üçün yeni imkanlar təqdim etməlidir." deyə “Kaspersky Industrial CyberSecurity” istiqamətinin rəhbəri Georgiy Şebuldayev vurğulayıb.

Xüsusilə texnoloji və sənaye şəbəkələrinin qorunması üçün “Kaspersky” şirkəti “Kaspersky Industrial CyberSecurity” həlli hazırlayıb. Bu texnologiya və xidmətlər kompleksi istehsal sistemlərinin bütün səviyyələrində, o cümlədən SCADA serverləri, operator panelləri, mühəndis stansiyaları, şəbəkə bağlantıları və fərdi avadanlıqlarda kiber təhlükəsizliyi təmin edir.

 

Вся лента