Qeyri-neft sektoruna kredit verməyən banklar yenidən "koma"ya düşə bilər - Ekspert

11:33 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsi oktyabrın 1-nə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləğini açıqlayıb.

Komitənin məlumatına görə, sözügedən dövrdə 1 milyard 447,3 milyon manat banklarda ödəmə vaxtı keçmiş kreditlər olub. Nəzərə alsaq ki, bəhs olunan məbləğ elə də az deyil, o zaman qarşıdakı illərdə yeni problemli kreditlər dalğasının yaranmasl ehtimalı var. Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərovun fikirlərini öyrənməyə çalışdıq.

Ekspert ABC.AZ-a özəl açıqlamasında bildirdi ki, Ölkənin bank sistemində vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin azalması nəticəsində iqtisadiyyata dəymiş zərbədən sonra yaranmış durumda deyil.

Bu yaxınlarda ölkə başçısının keçirdiyi iqtisadi müşavirini xatırladan P.Heydərov qeyd etdi ki, prezident belə bank sektorunun  iqtisadiyyatın artımına, real sektorun inkişafına yenə əvvəlkitək kömək göstərmədiyini və istehlak kreditlərinin həcminin artdığı barədə narazılğını bildirmişdi.  Problemli kreditlərin bir ara bütövlükdə az qala 2 milyard manata çatdığını vurğulayan ekspert bildirdi ki, 2019-cu ildə bu məsələnin həllini tapması ilə bankları "koma" vəziyyətindən çıxartdı. Bu ilin statistik göstəricilərini ilk baxışda qənaətbəxş hesab edən P. Heydərov sentyabr ayı ilə oktyabrdakı rəqmələrə də toxundu: “30 sentyabr 2019-cu il tarixinə ölkədə fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 milyon manat, öhdəlikləri isə 26,674.8 milyon manat təşkil edib ki, sektorun balans kapitalı 4,688.5 milyon manat olub. Sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib ki, cari ilin ilk 9 ayı ərzində sözügedən portfel 9.8% (1.2 milyard manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 milyon manat təşkil edib. Portfelin 61.6%-ni biznes, 38.4%-i isə istehlak kreditlərindən ibarət olub. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil etməklə, kredit portfelinin 34.8%-i xarici valyutada hesab olunur. Bank sektorunun aktivləri göstəricisi ötən ilin oktyabr ayının 1-inə görə 7,4% çoxdur. Ümumiyyətlə, son bir ildə sektorun kredit portfeli 20,8% genişlənib, kreditlərin aktivlərdəki payı isə 35,1%-dən 39,5%-ə yüksəlib. Bank aktivlərinin 12 milyon 383 min 9 yüz manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Həmçinin, 2019-cu ilin ilk 9 ayı ərzində bank sektoru 642.9 milyon manat əməliyyat mənfəəti generasiya edib ki, sektorun xalis mənfəəti isə bu zaman 522.7 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6%, kreditlər üzrə faiz gəlirləri isə 14.4% artıb. Ancaq iş bundadır ki, qeyd olunan bu qənaətbəxşlilik və canlanma çox davam etməyə də bilər. Yəni, banklar qeyri-neft sektoruna kredit vermirlərsə, onda yenidən "koma"ya düşə bilərlər. Çünki bankları bu vəziyyətə elə əvvəl də istehlak kreditləri salmışdı”.

 

Вся лента