MDB-də ilk dəfə olaraq Azərbaycanda “Boeing 787-8 Dreamliner" avialaynerində "C-Check" yerinə yetirilmişdir

20.12.2017,15:16


Azərbaycanın “Silk Way Technics” şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq müasir “Boeing 787-8 Dreamliner” avialaynerində “C-Check” həcmində baza texniki xidməti yerinə yetirmişdir.

 

“C-Check” baza texniki xidməti çərçivəsində ümumilikdə 1679 saat planlı işlərin və 174  saat isə plandankənar işlərin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu xidmət təyyarənin bütün sistemlərinin, avadanlıqlarının və strukturunun iş qabiliyyətinin yoxlanılması üzrə ən dəqiq və mürəkkəb yoxlama tiplərindən biridir. O, uçuş saatının sayı, enmə sayı və ya təyyarənin təqvim istismar müddəti ilə ölçülən ciddi müəyyən olunmuş intervallar vasitəsilə yerinə yetirilir. Texniki xidmətin bu forması xeyli dərəcədə ağırlığı və işin yerinə yetirilməsinin ciddi dövriliyi ilə fərqlənir.

 

Qeyd edək ki, bundan öncə “Silk Way Technics” “Boeing 747-8” təyyarələrində analoji baza xidməti yerinə yetirmişdir.

 

Bu gün “Silk Way Technics”in bazasında Azərbaycan və digər ölkələrin aviaşirkətləri tərəfindən istismar olunan Boeing 747-400, 747-8, 757-200, 767-300, 787-8, Airbus A319/320/321 və А340-500/600, Embraer 170/190 və Gulfstream G200, G280, G450, G550, G650, ATR42 kimi hava gəmiləri və onların komponentlərinə operativ texniki xidmət və baza xidməti yerinə yetirilir.

 

Regionda və MDB ölkələrində aparıcı texniki xidmət mərkəzlərindən biri olaraq, “Silk Way Technics” texniki xidmət üzrə təsdiqlənmiş təşkilatdır və Azərbaycan (SCAA), Avropa (EASA), ABŞ (FAA), Bermud adaları (BCAA), Qətər (QCAA) və Küveytin (DGCA) aviasiya hakimiyyətlərinin sertifikatlarına malikdir. Şirkət bütün növ hava gəmilərinə xidmət olunması üçün öz texniki imkanlarını artırmağı bundan sonra da davam etdirəcək.

 

Ключевые слова: Silk Way Dreamliner Boeing 787-8