“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb

10:54 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. SOCAR-dan verilən məlumata görə, dekabrın 13-də şirkətin baş ofisində Türkiyənin “Tekfen” şirkətinin “SOCAR Polymer” şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalanıb.

Satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub. Sənədi “SOCAR Overseas” şirkətinin direktoru Firudin Həsənov və “Tekfen Holding”in idarə heyətinin sədri Murat Gigin imzalayıblar.

Xatırladaq ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.

“SOCAR Polymer” layihəsinin ümumi investisiya dəyəri təxminən 816 milyon dollar təşkil edir. Bu məbləğin 60 faizini xarici kredit, 40 faizini səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.

Вся лента