"B.EST Solutions" şirkəti “Asan İmza” kursunu uğurla başa vuran ASAN Könüllülərə xatirə diplomlarını təqdim etdi

12:29 - 21.12.2017


19 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 nömrəli “ASAN Xidmət” Mərkəzində “Asan İmza” təlim kursunu müvəffəqiyyətlə başa vuran ASAN-könüllülərin mükafatlandırılma mərasimi baş tutmuşdur.

Kurs “Asan İmza” mobil identitet və gücləndirilmiş elektron imza Azərbaycan mərkəzinin operatoru “B.EST Solutions” şirkəti tərəfindən təşkil olunmuşdur. Testin yekunu üzrə ən yaxşı nəticələr göstərən könüllülər bu mərasimin iştirakçıları oldu. İştirakçıların nəinki rəqəmsal mobil imzanın imkanları sahəsindəki məlumatlılıq səviyyəsi, həmçinin kreativ düşünmə və “Asan İmza”nın istifadəsilə bağlı öz təkliflərini təqdim etmə bacarıqları qiymətləndirmənin əsas meyarı oldu.

Təqdimat mərasiminin bütün iştirakçıları fərdi sertifikatlara layiq görülmüşdür. B.EST Solutions şirkətinin nümayəndələri bütün iştirakçıları təbrik edərək Azərbaycan gənclərinin ölkəmizin gələcəyi olan informasiya texnologiyalarına cəlb olunmasının vacibliyini qeyd etdilər. Eyni zamanda gənclərin Azərbaycanın innovativ məhsullarına olan yüksək maraqları və gündəlik həyatda geniş və savadlı şəkildə tətbiq etmələri xüsusilə qeyd olunmuşdur. Əldə etdikləri biliklər ASAN-Könüllülərə “Asan İmza” mobil elektron imzanın əldə edilməsi və istifadəsilə bağlı suallarla “ASAN Xidmət” Mərkəzinə müraciət edən vətəndaşlara yardım etməyə kömək edəcəkdir.

Qeyd edək ki, ən yüksək bal alan bütün dinləyicilər gələcəkdə müsabiqədə iştirak etmək üçün dəvət olunacaqlar. Müsabiqənin mövzusu İnternetdə təhlükəsizliyə, rəqəmsal mobil imzaya və onun tətbiqi sahələrinə aid olacaqdır.

Вся лента