İcbari Sığorta Bürosu avtomobil sığortasında saxtakarlığın qarşısını almaq üçün qeydiyyat sistemini təkmilləşdirir

17:23 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. İcbari Sığorta Bürosu avtomobil sığortası sahəsində  saxtakarlığın qarşısını almaq üçün tədbirlər görür.

Fineko/abc.az İnformasiya Agentliyinə Bürodan xəbər verildi ki,  bundan sonra icbari avtomobil sığortası üzrə müqavilələr bağlayacaq agentlərin adları Büronun sisteminə daxil ediləcək.

“İcbari Sığorta Bürosu daxili sistemi, xüsusilə, icbari avtomobil sığortası üzrə müqavilələrin qeydiyyatı sahəsini təkmilləşdirir. Bu işlər, avtonəqliyyat vasitələrinin icbari sığortası sahəsində intizamın artırılması, həmçinin vasitəçilik fəaliyyətinin şəffaflığının artırılmasına yönəldilib. İşlər,  Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilir”, - deyə Bürodan bildirildi.

Həmçinin Bürodan  xəbər verildi ki, bundan sonra sığorta şirkətləri icbari avtoməsuliyyət sığortası müqavilələrini sistemdə qeyd etməklə yanaşı, həmin müqavilələrin bağlanılmasında rolu olmuş sığorta vasitəçilərini də sistemdə qeydiyyata alacaqlar.

Beləliklə, icbari avtoməsuliyyət sığortası üzrə xidmətlərin yalnız səlahiyyətli sığorta vasitəçiləri tərəfindən həyata keçirilməsi təmin ediləcək.

Bürodan bildirildi: “Sığorta vasitəçiləri sığorta satışlarını əvvəlki qaydada müstəqil şəkildə aparacaqlar, bağlanılmış hər bir icbari avtoməsuliyyət sığortası müqaviləsi İSB-nin mərkəzi informasiya sistemində qeydiyyata düşəcək, bu isə vasitəçilik təsisatının  şəffaflığına və məsuliyyətinə müsbət təsir göstərəcək”.

 

Вся лента