“Təlim məktəbi” layihəsinin bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli iştirakçılarına sertifikatlar təqdim edildi

14:23 - 22.12.2017


Bölgələrdə “Təlim məktəbi” layihəsi “Nar” tərəfindən təşkil edilmiş və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş bir layihədir. 26 avqust 2017-ci il tarixdə Zaqatalada start verilmiş bölgələrdə “Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən həyata keçirilib. Layihə çərçivəsində iki həftə ərzində üç istiqamət – dərzilik, aşpazlıq və smartfon təmiri üzrə peşə təlimləri keçirilib. Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilmiş layihə rayon icra hakimiyyətləri və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzləri tərəfindən dəstəklənib.

Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsi 13 oktyabr 2017-ci il tarixdə Göygöl rayonunda start götürüb. İki həftə davam etmiş ikinci mərhələdə də nitq və eşitmə məhdudiyyətli gənclər psixoloji təlimlərlə yanaşı, peşə təlimlərində iştirak edərək dərzilik, saç ustalığı və smartfon təmiri üzrə ixtisaslaşıblar.

Bütün layihə iştirakçıları təlimləri uğurla başa vuraraq müvafiq sertifikatlarla təmin ediliblər. Heç şübhəsiz ki, bu uğur niitq və eşitmə məhdudiyyətli gənclərin məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcəkdir.     

Qeyd edək ki, “Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdi.  “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihə “Uğur akademiyası”nın dəstəyi ilə reallaşdırılır.

Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, ünsiyyət məhdudiyyətli vətəndaşlar hazırda “Nar”-ın əməkdaşları olaraq fəaliyyət göstərirlər. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və  bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

Вся лента