2018-ci ilin qeyri-iş günləri elan olunub

15:37 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edib.

Nazirliyin məlumatına əsasən, ənənə üzrə qeyri-iş günlərinin çox olduğu ay mart olacaq: bu ayda 5 gün Novruz Bayramı və Beynəlxalq qadınlar günü qeyd ediləcək.

2018-ci ilin İş vaxtı normasında bildirilir ki, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü,  8  Mart– Qadınlar günü, 20, 21, 22,  23, 24 mart –Novruz bayramı,  9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü,  15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş  günü,  15,16 iyun - Ramazan  bayramı,  26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü,  22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və  31 Dekabr - Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü 2018-ci ilin qeyri-iş günləri elan edilib.

Bundan əlavə, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun  tarixləri istirahət günləridir.

Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

 

 

Вся лента