Büdcə daxilolmalarının həcmi artıb - Dövlət Gömrük Komitəsinin hesabına

11:30 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. 2019-cu ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 402.284,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin noyabr ayına nisbətən 11,4 faiz çoxdur.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin noyabr ayı ilə müqayisədə 23,6 faiz artaraq 110.653,7 min manat olub. Dekabrda ƏDV üzrə daxilolmalar aylıq ifadədə 6,3 faiz artaraq 268.995,5 min manat, aksizlər üzrə 38,8 faiz artaraq 18.780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3 faiz azalaraq 3.855,2 min manat təşkil edib.

Komitə ötən ilin yanvar-dekabr ayları ərzində büdcəyə daxil olan vergi və rüsumlar haqda da məlumat verib. Hesabatda qeyd olunur ki, DGK xətti ilə 2019-cu il ərzində dövlət büdcəsinə 4.408.625,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz çoxdur. Hesabat ilində ƏDV üzrə daxilolmalar illik ifadədə 28,3 faiz artaraq 3.004.082,95 min manat, aksizlər üzrə 46,9 faiz artaraq 249.633,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,1 faiz artaraq 45.431,64 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента