330x110
 

Dünyanın yeni nizamı, hegemonluq problemləri və 2020-ci il üçün qızıla dair proqnozlar

29.01.2020,15:41


29 yanvar, Fineko/abc.az. Barak Obamanın nisbətən sabit prezidentliyi dövründən sonra dünya yeni bir paradiqma dəyişikliyini yaşayaraq, ABŞ-ın "daha da möhtəşəm" olması üçün yenidən qurulur. Lakin, səthdə gördüklərimiz pərdəarxasında baş verənləri gizlədən bir fasaddır. Qlobal silkələnmə ABŞ tərəfindən“NAFTA”sazişinin şərtlərininin dəyişdirilməsi, müttəfiqlərinə qarşı ticarət tariflərini tətbiq etməsi, Paris İqlim Sazişindən çıxması, 2015-ci il İran Nüvə Sazişindən və Rusiya ilə orta və yaxınmənzilli raketlərə dair razılaşmasından birtərəfli qaydada çıxması, Çinlə ticarət müharibəsinin başlaması, Meksika sərhədində hasarın qurulması və Venesuelada çevrilişin həyata keçirmək cəhdi ilə başlandı.

Beləliklə, sual yaranır ki, ABŞ-ın xarici və daxili siyasətindəki bu qəfil dəyişiklik niyə indi baş verir və bütün bu hadisələr arasında hər-hansı bir məntiqi əlaqə varmı?

İzahat olduqca  sadədir: ABŞ-ın büdcə kəsiri və durmadan artan milli borcu geridönmə nöqtəsinə sürətlə yaxınlaşır. 2016-cı ildə, ABŞ-ın büdcə kəsiri 585 milyard dollar, milli borcu isə 19.5 trilyon dollar təşkil edirdi.  Son illər ərzində vergi yükünün azaldılması ilə əlaqəli islahatlar və hərbi büdcənin kəskin şəkildə artırılması, büdcə kəsirinin 2019-cu ilin nəticələrinə görə rekord 1.09 trilyon dollara, milli borcunun isə 23 trilyon dollar çatmasına təkan vermişdir. Belə ki, son üç il dövründə ABŞ-ın büdcə kəsiri 72%, milli borcu 23% və ÜDM-u cəmi 16% artmışdır. Yalnız 2019-cu ildə, ABŞ-ın büdcə kəsirinin mühüm bir hissəsi dövlət borcu üzrə ödənilmiş faizlər təşkil etmişdir; belə ki, ortalama 2 - 2,25%-lə borclanan ABŞ dövləti təxminən 500 milyard dollar həcmində faiz borcu ödəmişdir.

Son illər ərzində həyata keçirilən vergi islahatları və hərbi xərclərin artırılması, ABŞ-ın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olsa da, ABŞ iqtisadiyyatının hazırda üzləşdiyi problemlərin kökü daha dərinə gedir. ABŞ iqtisadiyyatının bugünki acınacaqlı vəziyyətlə üzləşməsinin səbəbləri və kökü 2008-ci il qlobal iqtisadi böhranın nəticələrinin aradan qaldırması tədbirləri ilə əlaqəlidir. Həmin dövr ərzində ABŞ hoküməti misli görünməyən borclanma tədbirlərini həyata keçirmişdir – bunun nəticəsi olaraq, növbəti illər ərzində, dövlət borcunun artım templəri iqdisadiyyatın artım templərini üstələməyə başlamışdır. Nəticədə, ABŞ borcunun ÜDM-a olan nisbətini son 10 il ərzində 80%-dən təhlükəli 106%-ə yüksəlməsinə səbəb olmuşdur. ABŞ iqtisadiyyatı, xarici görünüşdə inkişaf etsə də, realliqda ildən-ilə pisləşərək record büdcə və ticarət kəsirləri ilə üzbəüz qalmışdır. ABŞ hoküməti anlayır ki, dövlət borcunun nəzarətsiz artımı ABŞ dollarının dünya ehtiyat valyutası statusunu gec-tez şübhə altına alacaq. Təkcə son 20 il ərzində ABŞ-ın dünya ehtiyat valyutası qismində olan payı 71% -dən 61% -ə qədər azalmışdır və bu tendensiya sürətlənməkdə davam edir.

Son illərdə, bir çox dövlətlər, ABŞ dolları ilə əməliyyatlardan çəkinərək,“SWIFT” ödəniş sisteminə alternativ platformalar tədbiq edirlər. Məsələn, 2019-cu ilin yanvar ayında Avropa Birliyi “İNSTEX” - "Ticarət Birjalarına Dəstək Aləti" ödəniş sistemini təqdim etdi. Bu ödəniş sistemi ABŞ tərəfindən sanksiyalanan ölkələr üçün“SWIFT” ödəniş sistemindən kənar ticarət əməliyyatlarını aparmaq imkanı verir. Bundan öncə, 2018-ci ildə, Çin, Şanxay Beynəlxalq Enerji Birjasında ticarət edən, “Wall Street”-in üstünlük təşkil edən petrodollara qarşı qızılla təmin olunan yuan valyutasını təqdim edən ilk dövlət oldu. Alternativ ödəniş sistemləri, ABŞ tərəfindən sanksiya olunan ölkələrə dollardan yayınmaqla bir-biri ilə sərbəst ticarət etməyə imkan verəcək. Yeni ödəmə platformaları ABŞ dollarının qlobal ticarətdəki payını azaldaraq, ABŞ dollarının istifadəsini azaldacaqdır.

Heç kimə sirr deyil ki, müasir dünyada ABŞ hegemonluğunun əsas dayaqları onun hərbi üstünlüyü və ABŞ dollarının dünya ehtiyat valyutası statusuna malik olmasıdır. Bu sütunlar vasitəsi ilə ABŞ, demək olar ki, öz xarici siyasətini və nizamını istənilən millət, şirkət və ya şəxsə dair təsis edə bilir. Bununla belə, Vaşinqton anlayır ki, dövlət borcunun hazırki templərlə artması, nəticə olaraq, ABŞ dollarının dünya ehtiyat valyutası qismində olan statusunu şübhə altına alacaq. ABŞ-in iqtisadi durumunun davamlı zəifləməsi isə, onun hərbi hegemonluğunun itirilməsinə gətirib cıxaraq. Son illərin hadisələri Vaşinqtonun hərbi, siyasi və iqtisadi cəhətdən zəifləməsini nümayiş etdirir.

Məsələn, ABŞ-ın Venesuelada rejim dəyişikliyini həyata keçirə bilməməsi, Şimali Koreyanın ABŞ-ın davamlı təhdidlərinə baxmayaraq, raket sınaqlarını davam etdirməsi, ABŞ-ın sanksiyalarına və təzyiqlərinə baxmayaraq, Rusiya hipersonik raketlər yerləşdirməklə yanaşı Avropaya iki qaz boru kəmərininin (Nord axını 2 və Türk axını) çəkilməsini həyata keçirir. Türkiyə (NATO üzvü olmaqla) ABŞ-ın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Rusiya Hava Hücumundan Müdafiə Sistemlərini S-400 alır və sınaqdan keçirir, bir sıra aparıcı dövlətlər və qlobal korporasiyalar Çinin 5G Huawei texnologiyasına keçir. İran ABŞ-ın artan sanksiyalarına müqavimət göstərir və bir çox ölkələr ABŞ-ın borc kağızlarından imtina edərək, sistematik qaydada, qızıla yatırımlarını artırırlar. Bu siyahı davam edə bilər, lakin, məsələ aydındır - qlobal geosiyasi uyğunlaşma dəyişir və bunun qarşısını almaq üçün ABŞ dünyada bir çöx baş verən proseslərə əvvəlki qaydada təsir etmək iqtidarinı itirməkdədi.

Ancaq iqtisadi çətinliklərlə üzləşən tək ABŞ deyil, bütün dünya artan borcdan əziyyət çəkir.  2008-ci il qlobal iqtisadi böhranın nəticələrini aradan qaldırmaq məqsədi ilə, bir çöx aparıcı dövlətlərin mərkəzi bankları öz iqtisadiyyatlarını dəstəkləmək məqsədilə borclanma üzrə faiz dərəcələrini minimal həddlərə, bəzən mənfi dərəcəyə qədər çatdırmışdırlar. Bu tədbirlərin nəticəsi olaraq, son 10 ildə dünya borcu 109 trilyondan 225 trilyon dollara çatmışdır, dünya ÜDM-u 60 trilyon dollardan 80 trilyon dollara artmışdır. Belə ki, dünya iqtisadiyyatının 30% həcmində artımini əldə etmək üçün, dünya borcu təxminən 2.5 dəfə artırılmışdır. Məlumdur ki, dünyanın $80 trilyon ÜDM-u 225 trilyon dollar həcmində olar borcu ödəmək iqtidarında deyil. Mərkəzi banklar tərəfində aparılan məsuliyyətsiz maliyyə siyasəti dünya borcunun acınacaqlı həddə çatmasına səbəb olmuşdur.

Sürətlə artan dünya borcuna cavab olaraq, bir qrup inkişaf etməkdə olan ölkələr, 2008-ci ildən etibarən fiziki qızıl ehtiyatlarını artırmaqdadır. Aşağıdakı cədvəldə (Cədvəl 1) ən böyük qızıl ehtiyatına sahib olan 10 ölkə verilmişdir.

              Cədvəl 

Metrik tonda qızıl ehtiyatı olan ilk 10 ölkə
Reytinqdə Ölkə YE 2008 YE 2019 % dəyişikliyi
1 Birləşmiş Ştatlar 8,134 8,134 -
2 Almaniya 3,410 3,370 -1.2%
3 İtaliya 2,452 2,452 -
4 Fransa 2,450 2,436 -0.6%
5 Rusiya 500 2,241 322.6%
6 Çin 600 1,948 208.8%
7 İsveçrə 1,040 1,040 -
8 Yaponiya 765 765 -
9 Hindistan 350 618 -
10 Hollandiya 613 613 76.0%

2008-ci ildən bəri Rusiya və Çin birlikdə qızıl ehtiyatlarını dörd dəfə, Hindistan isə 76% artırmışdır. Eyni dövrdə, Türkiyə, ilk onluğa daxil olmadığına baxmayaraq, qızıl ehtiyatlarını demək olar ki, üç dəfə artıraraq, 385 tona çatdırmışdır. Həmin dövr ərzində, ABŞ və Avropanın qızıl ehtiyatları demək olar ki, dəyişməmişdir. Belə ki, Rusiya, Çin, Hindistan və Türkiyə son 10 ildə qızıl ehtiyatlarını durmadan artırmaqdadır.

Əslində, bütün fiat pullar, istər ABŞ dolları, istər Yapon Yeni, istərsə də Avropa Avrosu, əmtəə və ya digər bir maddi aktivilə təmin olunmayan valyutadır. Son 5000 il ərzində dünya tanınmaz dərəcədə dəyişdi, lakin qızılın dəyər ölçüsü və hesab vahidi dəyişməz olaraq qalmaqdadır. Sonsuz çap edilə bilən fiat valyutaları və ya hədsiz həcmdə çıxarıla bilən kriptovalyutalar uzun müddətdə qızılla rəqabət aparmaq iqtidarında deyil. İmperiyalar yüksəlir və dağılır, lakin qızıl dəyişməz olaraq, qalır. Müasir dövrdə, ölkələr büdcə kəsirlərini borclanma hesabına maliyyələşdirərək öz valyutalarını dəyərsizləşdirirlər; qədim dövrlərdə isə büdcə kəsiri qızıl sikkələrə mis qarışdırmaqla maliyyələşdirilirdi. Tarix boyu, qızıl sikkələrin tədricən mis sikkələrə çevrilməsi eyni şəkildə davam edirdi. Nəticədə imperiyalar etibarını, statusunu, iqtisadi və hərbi gücünü itirərək dağılırdı.

Mərkəzi bankların qarşısında duran əsas vəzifələr qiymətlərin sabitliyinin qorunması, etibarlı ödəniş sisteminin təşkili və sabit bank sisteminin təmin edilməsindən ibarətdir. Lakin, son illərdə müşahidə etdiklərimiz, mərkəzi bank təcrübələri haqqında ümumi anlayışımıza ziddir.  Məsələn, 2019-cu il ərzində ABŞ-da inflyasiyanın 1.9% -dən 2.1% -ə artdığı halda Federal Rezerv Bank qısa müddətli uçot faiz dərəcəsini 2.25-2.5% -dən 1.5-1.75%-ə endirmişdir. ABŞ-in Federal Rezerv Bankı tərəfindən faiz dərəcələrinin 2018-ci ilin ikinci yarısında 3%-ə çatdırmaq niyyəti ölkənin fond birjalarının qısa müddət ərzində 15-25% düşməsinə səbəb olmuşdur. ABŞ dövlət borcunun hədsiz səviyyəyə çatması, uçot faiz dərəcələrinin artırılmasına və beləliklə inflasiyanın tənzimdə saxlanmasına imkan vermir. Çünki, dövlət borcu üzrə formalaşan faiz xərləri büdcə kəsirini kəskin artiraraq,bütün iqtisadiyyata və həmçinin fond birjalarına mənfi təsir göstərir. ABŞ-ın maliyyə vəziyyətinin sürətlə pisləşməsi təcili diqqət tələb etdiyi hala, o borclamanı daha da surətli templərlə artıraraq, vəziyyəti daha da ağırlaşdırmaq yolundadır.

Yuxarıda göstərilən meylləri və neqativ tendensiyaları nəzərə alaraq, 2020 - 2021-ci illərdə nə gözləmək lazımdır? Göründüyü kimi, ABŞ-in Federal Rezerv Bankı artan inflasiyaya dözməli və həttə faiz dərəcələrini daha da aşağı hədlərə endirməyə məcbur olacaq. Durmadan artan dövlət borcu isə inflasiyanın yüksəlməsini surətləndirəcək. Belə bir şəraitdə, ABŞ Federal Rezerv Bankı inflyasiya və büdcə kəsiri arasında seçim etməli olacaq. ABŞ-in Mərkəzi Bankı uçot faiz dərəcəsini tədricən 0% endirərək, dövlət borcu üzrə faiz xərclərinin və büdcə kəsirinin azalmasına cəhd edəcək.  Lakin, bu tədbirlərin əks tərəfi real faiz dərəcələrin enməsi və inflasiyanın daha da sürətlı templərlə artmasına təkan verəcək. Artan inflasiya şəraitində investorları qoruyan ən effektiv aktiv - qızıl, gümüş və digər qiymətli metallardır.

2020-ci il üçün qızılın qiymətinə dair proqnoz.

2019-cu ildə qızılın qiyməti təxminən 16% artmışdır və bu tendensiyanın 2020-ci ildə də davam edəcəyi gözlənilir. Hazırda qızılın 1 troy unsiyasının qiyməti $1555-1575 dollar civarında dəyişir. Qızılın 1 troy unsiyasının qiymətinin 15-20% artaraq 2020-ci ildə $1750–1850 dollara çatacağını  proqnozlaşdırırıq. Gümüşün isə 1 troy unsiyasının qiymətinin 50% artaraq, $25 - 27 dollar təşkil edəcəyini proqnozlaşdırırıq.

Bu proqnoz maliyyə investisiya tövsiyəsi kimi nəzərdə tutulmur. Hər bir investor öz analizini aparmalı və ya maliyyə bazarlarına investisiya etməzdən əvvəl mütəxəssislə məsləhətləşməlidir.

         

           Rəşad Hacıyev

           Maliyyə və investisiya üzrə ekspert

             www.rmcapitalanalytics.com