Azərbaycanla Ukrayna neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

10:26 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Yanvarın 30-da Kiyevdə enerji sahəsində əməkdaşlığa dair Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası keçirilib.

İclasda Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov iştirak edib.

Qonaqları salamlayan Ukraynanın Energetika və Ətraf Mühitin qorunması naziri Aleksey Orjel bildirib ki, bu gün Azərbaycan və Ukrayna arasında digər sahələrdə olduğu kimi, energetika sahəsində də əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. Odessa şəhərində neft-qaz sahəsində müəssisələr var ki, özəlləşməyə çıxarılıb. Ukrayna tərəfi Azərbaycan şirkətlərinin bu sahəyə investisiya qoyuluşunda maraqlıdır.

Nazir deyib ki, Azərbaycan neft-qaz məhsullarını Ukrayna vasitəsilə xarici bazarlara çıxarda bilər. O cümlədən Belarusa neft daşımalarının həyata keçirilməsi mümkündür.

A.Orjel bildirib ki, Ukrayna hazırda Avropa ölkələri ilə neft və qaz məhsullarının daşınması üçün sıx əməkdaşlıq etməyə başlayıb. Ukrayna Azərbaycan məhsullarını bu bazarlara çıxarmaqda yardımçı ola bilər. Nazir, həmçinin Ukraynanın Cənub Qaz Dəhlizi layihəsində iştirakında maraqlı olduğunu vurğulayıb.

Energetika naziri P.Şahbazov deyib ki, energetika sahəsində Ukrayna tərəfinin irəli sürdüyü təkliflər araşdırılır. Azərbaycanın neft məhsullarının Ukrayna vasitəsilə daşınması məsələsi üzərində də məsləhətləşmələr aparılır: “Hesab edirəm ki, iclasda səsləndirilən və irəli sürülən təkliflər ekspertlər tərəfindən araşdırıldıqdan sonra hər hansı qərar veriləcək. Bu gün SOCAR Ukraynaya kifayət qədər investisiya yatırır. Ukraynada SOCAR brendi ilə 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir. Düşünürəm ki, SOCAR bundan sonra da Ukraynada fəaliyyətini daha da genişləndirəcək”.

SOCAR-ın prezidenti R.Abdullayev bildirib ki, SOCAR Ukraynada fəaliyyətini genişləndirməkdə maraqlıdır: “Düşünürəm ki, bu səfərin və görüşlərin müsbət nəticəsi olacaq, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək”.

Müzakirələrdən sonra Azərbaycan və Ukrayna arasında neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə Azərbaycanın neft məhsullarının Ukrayna vasitəsilə daşınması məsələsi də yer alıb.

© Azertag.az

 


Вся лента