“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb

15:46 - 26.12.2017


“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına və onlardan istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayrılır.

Gənclər arasında elektron hökumət həllərindən istifadənin təbliği bu istiqamətdə həyata keçirilən əsas işlərdən hesab edilir.

2017-ci ildə İKT və elektron hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə 26 dekabr tarixində “Gənclər üçün Elektron Hökumət” konfransı keçirilib.

Konfrans Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə təşkil olunub.

Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi maarifləndirici layihələrin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İKT sahəsi üzrə maliyyələşdirdiyi layihələrin hesabat təqdimatları olub.

Konfrans çərçivəsində “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Belə ki, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı təşkilat nominasiyası üzrə - “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi, “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyası üzrə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi,  “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs nominasiyasında “Elektron Hökumə”in təbliği üzrə interaktiv dərs vəsaitinin müəllifi Ofeliya Mazanova, “Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az  portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyası üzrə “Biznes mühitinin Elektron hökumət portalına inteqrasiyası” təklif layihəsi ilə Orxan Kərimov birinci yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə 20 dekabr tarixində yekun vurulub.

Konfransın sonunda gənclər təşkilatlarının “Elektron Hökumət” sahəsi üzrə maraqlandığı mövzular ətrafında müzakirələr aparılıb və təşkilatların informasiya cəmiyyətinin inkişafına verdiyi töhfənin artırılması üçün tövsiyələr hazırlanıb.

 

Вся лента